Xocalıda mina partladı: müharibə iştirakçısının ayağı amputasiya olundu

Xocalıda mina partladı: müharibə iştirakçısının ayağı amputasiya olundu

İşğaldan azad edilmiş Xocalı ərazisində mina partlayışı nəticəsində xəsarət alan Nağı İmanovun sağ ayağı topuq hissəsindən amputasiya olunub.

Globalinfo.az xəbər verir ki, xəstəxanadan verilən məlumata görə, onun həyatı üçün təhlükə yoxdur.

***

Xocalıda piyada əleyhinə minaya düşərək xəsarət alan Qarabağ müharibəsinin iştirakçısı Nağı İmanov Bərdə Müalicə Diaqnostika Mərkəzi hospitalizasiya olunub.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

***

Minaya düşən şəxs təcili tibbi yardım heyəti tərəfindən partlayış baş verən ərazidən götürülüb.

Hazırda o, Bərdə Diaqnostika Mərkəzinə aparılır.

Qeyd edək ki, əslən Ağdərə rayon Sırxavənd kəndindən olan N.İmanov silahlı qüvvələrin ehtiyata buraxılmış giziridir.

Qarabağ müharibəsinin ilk illərində ermənilər onun atasını və qardaşını faciəvi şəkildə qətlə yetiriblər.

***19:03

Xocalı rayonunda mina hadisəsi baş verib.

Globalinfo.az Trend-ə istinadən xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmiş Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.

Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Nağı İmanov Ağdərənin Sırxavənd kəndindəndir. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb.