Xəstəxanalarda ölüm saçan məqam – TƏBİB-dən açıqlama

Zaman-zaman gündəmə gələn məsələlərdən biri də bəzi xəstəxanalarda, tibb mərkəzlərində diplomu olmayan baş həkimlərin və rəhbər şəxslərin fəaliyyət göstərməsidir. Ekspertlər mövcud vəziyyətin insan həyatı üçün təhlükəli olduğunu, aidiyyəti qurumların tədbir görməsi gərəkdiyini vurğulayırlar.

Məsələ ilə bağlı Globalinfo.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, işə qəbul zamanı diplom əsas tələblərdən biridir:

“Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan rəhbər şəxslər sahə üzrə diploma malikdirlər.

Müəyyən olunmuş işə qəbul qaydalarına əsasən, hər hansı uyğunsuzluq aşkarlanarsa, birmənalı olaraq həmin şəxslər barədə tədbir görülməsi nəzərdə tutulub”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə deyib ki, ümumiyyətlə, tibb təhsili olmayan şəxs bu sahədə çalışa bilməz:

“Baza tibb təhsili aldıqdan sonra rezidentura keçərək bir ixtisas sahibi olmayan həkim konkret hansısa ixtisas üzrə çalışa bilməz. Elm və Təhsil Nazirliyindən lisenziya almış özəl tibb məktəblərində təhsil alan şəxslər isə tibdə çalışa bilərlər. Qalan bütün hallarda bu, hüquqi məsuliyyət yaradan situasiyadır. İstər həmin şəxslər, istərsə də onları işə qəbul edənlər bu məsələyə görə birbaşa məsuliyyət daşıyırlar”.

Zaira Akifqızı
Globalinfo.az