Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlılar mandatlarına zidd daha bir addım ataraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin edib.
Əldə edilən məlumata görə, Qarabağ ərazisinə buraxılan 14 nəfərdən 12-si İranın eyni bölgəsindən – ölkənin cənub-qərbindəki İzeh şəhərindəndir.
Qeyd edək ki, İzehin daxil olduğu Xuzistan vilayətinin əhalisi arasında ermənilər çoxluq təşkil edir və burada əsas işlək dillər arasında erməni dili də var. Bəzi məlumatlara görə, bu şəhərdə İran xüsusi xidmət orqanlarının terror-diversiya üzrə ixtisaslaşan məxfi bazası yerləşir.
Göründüyü kimi, İran bir tərəfdən Azərbaycanla münasibətlərdəki gərginliyin azaldılması üçün addım atırsa, digər tərəfdən Qarabağa diversiya qrupu göndərir.
“10 noyabr razılaşmasından sonra verilən açıqlamalardan belə nəticəyə gəlmək olurdu ki, Qarabağa Ermənistan və Rusiya vətəndaşlarının girişinə müəyyən qədər şərait yaradılması razılığı olub, lakin bu daha çox humanitar məqsədli səfərlərə aiddir”.
Globalinfo.az xəbər verir ki, bunu Asif Nərimanlı qeyd edib.
“Digər ölkə vətəndaşları mütləq şəkildə Bakıdan icazə almalıdır. İlk gündən sülhməramlılar buna əməl etmədilər. Zaman-zaman təkcə Rusiya və Ermənistandan yox, digər ölkələrdən də müxtəlif adlar altında Azərbaycan ərazisinə qanunsuz səfərlərə şərait yaradıldı. İctimaiyyətin bildiyi ölkələr arasında Fransa xüsusilə seçilir, bu ölkənin sonuncu prezident seçkilərində Xankəndində təbliğat kampaniyası aparan namizədləri də var idi.
Lakin indi 14 ölkədən gələnlərin olduğu və bunların xüsusi xidmət orqanlarının əməkdaşları, yaxud digər müvafiq təyinatlı şəxslər olması haqda məlumatlar var. Söhbət hansı ölkələrdən gedir, çox maraqlıdır. Bu, həm də Qarabağ üzərində oyun quranların sayının az olmadığına işarədir. İstisna deyil ki, 14 ölkənin arasında İranın da adı var”.
Politoloq Sədrəddin Soltan isə Globalinfo.az-a açıqlamasında bildirib ki, bu, İran hakimiyyətinin Azərbaycanda təxribatçı fəaliyyətinə dair ilk hadisə deyil:
“Bu yaxınlarda ASALA-nın keçmiş üzvü Martiros Jamkoçyan öz açıqlamasında bildirdi ki, məşhur terrorçu, İran əsilli erməni Monte Melkonyan Qubadlının işğalından öncə İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb.
Və Qarabağ torpaqları işğaldan azad edildikdən sonra məlum oldu ki, İran hakimiyyətinin icazəsi ilə bu ölkənin vətəndaşları bölgədə terrorçuluq fəaliyyəti ilə məşğuldurlar. Müharibə bitəndən sonra Azərbaycan torpaqlarına Ermənistan nişanı ilə İran yük maşınlarının daxil olması hadisəsi də faktdır. Bu faktın Prezident İlham Əliyev səviyyəsində elan edilməsi təsadüfi deyil.
Və heç kim təkzib edə bilməz ki, son zamanlar sülhməramlıların nəzarət etdiyi Laçın dəhlizi vasitəsilə Xankəndi istiqamətində daşınan silahları həmin əraziyə ötürən İran tərəfi deyil”.
S.Soltan qeyd edib ki, İran Azərbaycanın tutduğu haqlı mövqeyə zərbə vurmaq və ölkənin daxilində ermənilərdən istifadə etməklə burada qarışıqlıq yaratmaq istəyir, müharibəni qızışdırmağa, Azərbaycanı Güney azərbaycanlıların milli haqlarının təmin olunması istiqamətində fəaliyyətindən yayındırmağa cəhd göstərir:
“İran və Ermənistan Qarabağda Rusiya sülhməramlılarına arxayındırlar. Amma sülhməramlıların missiyası tərəflərdən hər hansısa birinin mövqeyini müdafiə etmək deyil, vasitəçilik və atəşkəsin qorunmasına nəzarət etməkdir. Əksinə, Rusiya bu prosesə qoşulsa İranla birlikdə silahlıların təlimatlandırılmasında iştirak etmiş sayılır.
İran tərəfi bu əməli ilə sadəcə su bulandırmağa cəhd göstərir və ola bilsin ki, perspektivdə Rusiya ilə Azərbaycan arasında gərginliyin yaranmasına xidmət etsin, yaxud iki dövlətin hərbçilərinin toqquşmasına cəhd göstərsin. Bunun baş verməsi inandırıcı görünmür, çünki Rusiya ilə Azərbaycan arasında müxtəlif səviyyələrdə anlaşmalar var. Rusiyanın onsuz da kifayət qədər çətinliyi mövcuddur və buna görə yeni ziddiyyətli məqamların ortaya çıxmasında maraqlı deyil.
İnanmıram ki, İran hakimiyyəti bu təxribatları ilə uğurlar əldə etsin. Bir müddət sonra İran bu məsələni təkzib edəcək. Çünki İranın belə əməl törətməsi Azərbaycana qarşı ermənilərin əli ilə hibrid müharibə aparmaq cəhdidir. Bu isə ona çətin ki, uğur qazandıra”.
Gülnar Səlimova
Globalinfo.az














