Xankəndidə növbəti təxribat: XTQ də hərəkətə keçə bilər

Rusiyanın Azərbaycanın monitorinqinin qarşısını almaq üçün “mülki təxribat” törədəcəyi gözlənilən olsa da, Vardanyan səhnəsinin təşkili həm də Kremldən göndərilmiş separatçının Bakı tərəfindən erməni əhalisinin “nümayəndəsi” kimi qəbul edilməsi planında ilk praktiki addım oldu.

Globalinfo.az bildirir ki, bunu siyasi analitik Asif Nərimanlı qeyd edib.

“Ruslar bununla erməni əhalisi ilə Bakının təmaslarını dəstəkləyən, bu məsələdə “beynəlxalq mexanizm”in hazıranmasını istəyən ABŞ-yə də Vardanyanı “qanuni təmsilçisi” kimi göstərirlər və aydındır ki, Vardanyan bundan sonra rəsmi Bakının göndərdiyi bütün nümayəndələrin qarşısına çıxarılacaq.

Hələ ki edə biləcəyimiz bugünkü kimi hər dəfə onu “ofsaytda” qoymaqla “heç kim” olduğunu göstərməkdir. Hərçənd növbəti monitorinqdə hərbçilərin, yaxud təhlükəsizlik qüvvələrinin də iştirakına ehtiyac yarana bilər, çünki bu gün baş verənlər göstərdi ki, nümayəndələrimizin təhlükəsizliyi risk altındadır və təxribatların təşkilatçısı olan sülhməramlılar buna zəmanət verə bilməz”, – o bildirib.

Qeyd edək ki, Azərbaycanın rus sülhməramlarının müvəqqəti nəzarətində olan ərazisində, xüsusən Xankəndi şəhərində məskunlaşmış separatçı-terrorçu rejimin “nümayəndələri” son vaxtlar müxtəlif təxribatlara əl atırlar. Bu isə Azərbaycan ictimaiyyətində prosesə xüsusi təyinatlıların müdaxiləsinin qaçılmaz olması ilə bağlı fikirlərin səslənməsinə səbəb olur.