345 6093088984

Azərbaycan XİN başçısı Ceyhun Bayramov dekabrın 5-də Moskvaya səfər edəcək. Səfər çərçivəsində Ceyhun Bayramov Rusiya XİN başçısı Sergey Lavrovla görüşəcək.

Bununla bağlı politoloq Tofiq Abbasov Globalinfo.az-a bildirib ki, bu görüşün məqsədi bölgədəki vəziyyəti və ikitərəfli münasibətləri müzakirə etməkdir.

Politoloqun sözlərinə görə, Ermənistanın destruktiv mövqe sərgiləməsi həm də Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərir:

“Prezident İlham Əliyevin də dediyi kimi, lazımdır ki, Vaşinqton və Moskva formatları axsamasın. Ermənistan ciddi-cəhdlə göstərməyə çalışır ki, Minsk qrupu çökməyib. Bu yaxınlarda  Prezident İlham Əliyev bildirdi ki, dekabrın 7-sinə nəzərdə tutulan Brüssel formatında görüşlərə qatılmayacaq, çünki Ermənistan baş naziri birmənalı şəkildə Emmanuel Makronun burada iştirakını tələb edir. Ona görə də Azərbaycan Fransa dövlətinin rəhbərinə faktiki olaraq qırmızı vərəqəni göstərdi ki, o bu proseslərə qatılmaqla dağıdıcı potensial gətirir. Fransanın həm Türkiyə və Aralıq dənizi, həm də Avropa İttifaqı çərçivəsində siyasəti axsamağa başlayır. Buna görə Ermənistan vasitəsilə Qafqazda heç olmasa özü üçün əlverişli situasiya formalaşdırmağa çalışır”.

T.Abbasov qeyd edib ki, Ceyhun Bayramovun Moskvaya səfəri ilə bağlı gözləntilər böyükdür. 

“Azərbaycan Rusiyadan həm də müttəfiq kimi adekvat addımlar gözləyir. Biz status məsələsini gündəmdən artıq çıxarmışıq. Rusiyanın gedişləri çox anlaşılmazdır. Rusiya burada bir növ əks-hücuma keçdi. ABŞ Ermənistana guya tövsiyə etmişdi ki, siz Qarabağın status məsələsini yadınızdan çıxarın və belə olduğu halda, biz sizə köməklik göstərəcəyik, ancaq bu söhbətlər fakta əsaslanmır. Sadəcə bunu şişirtdilər ki, ruslar da Vaşinqtona cavab olaraq desinlər ki, biz özümüz status məsələsini gündəmdə saxlayırıq və çalışırıq ki, Ermənistanla Azərbaycan bu məsələdə gələcəkdə razılığa gəlsinlər.

Son günlər Rusiya sülhməramlı kontingenti də Qarabağda öz səlahiyyətlərini aşaraq siyasiləşmiş prosesləri təşkil etməyə çalışır. Odur ki, rəsmi Bakının Moskvaya deməyə sözü, giley-güzarı çoxdur”.

Politoloq yaxın zamanda imzalanacağı ehtimal edilən sülh sazişi məsələsinə də toxunub:

“Hər kəs deyirdi ki, guya ilin sonuna kimi sülh sənədi imzalanacaq. Fikrimcə, belə ciddi proseslərdə işləri zamanlamaq düzgün deyil. Əgər vəziyyət yetişməyibsə, iki tərəfi hansısa bir sənədə imza atmağa necə sövq etmək olar?!”

T.Abbasov, Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycan tərəfinin Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazır olduğunu deməsinə də münasibət bildirib:

“Rəsmi Moskva bizim bu məsələyə yanaşmamızla tanışdır. Azərbaycan dövləti öz mövqeyini dəfələrlə səsləndirib.

Ermənilərin sayına gəldikdə isə, Ruben Vardanyan deyir ki, Qarabağda guya 120 min erməni yaşayır. Orada əgər 12 min erməni yaşayırsa, böyük şeydir. Son iki ildə oranı tərk edən ermənilərin sayı qayıdanların sayını bir neçə dəfə üstələyir. Odur ki, ən yaxşı halda orada 30 minə qədər erməni yaşayır. Yeri gəlsə, Azərbaycanda ermənilərin sayını üstələyən digər azlıqlar var. Ermənilər dünya birliyinə məsələni elə təqdim etmək istəyirlər ki, guya Qarabağda onları sıxışdırırlar.

Ermənilər burda yaşamaq istəyirlərsə, gərək Azərbaycan qanunvericiliyinə tabe olsunlar, buranın vətəndaşlığına qayıtsınlar və Xankəndi üzərində Azərbaycan bayrağı dalğalanmalıdır, bunun başqa variantı yoxdur”.

Gülnar Səlimova,

Globalinfo.az

Paylaş: