Xankəndi çox dəyişib: bilmədiyimiz gizlin yerləri var

Qarabağdakı separatçılar həbs olunacaqlarını bilə-bilə “Laçın” postundan keçməyə çalışırlar. İctimaiyyətdə müzakirə olunan məsələlərdən biri də onların özlərini belə asanlıqla riskə atmasıdır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, separatçılar başqa çıxış yolu olmadığını bilirlər:

“Onların “qəhrəmanı” Karen Cavalyan ilk günlərdə sərhədi keçə bildiyi üçün başqaları da düşünürlər ki, “o keçdisə, mən də keçə bilərəm”. Nəticədə isə saxlanılırlar”.

İqbal Ağazadə

İ.Ağazadənin sözlərinə görə, Azərbaycanın hüquq-mühafizə orqanları separatçıları həbs etmək üçün rahat şəkildə əməliyyat keçirə bilər:

“30 il ərzində Xankəndi çox dəyişib, bəlkə də, onların bəziləri bizim hələ kəşf edə bilmədiyimiz yerlərdə gizləniblər. Lakin harada gizlənmələrindən asılı olmayaraq, tapılıb məsuliyyətə cəlb ediləcəklər.

Bundan başqa, separatçılar başqa yolla qaçmağa cəhd etsələr, atəş hədəfinə çevrilə bilərlər”.

Zaira Akifqızı
Globalinfo.az