vens baki

ABŞ-la Azərbaycan arasında Bakıda vitse-prezident Ceyms Devid Vensin iştirakı ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyası təkcə siyasi və təhlükəsizlik müstəvisində deyil, məzmun baxımından da müzakirə edilir. Xüsusilə müxalif dairələr sənəddə demokratiya, insan haqları və azad seçkilər kimi anlayışların yer almamasına diqqət çəkirlər. Onlar bildirirlər ki, Ermənistanla imzalanmış analoji sənəddə “demokratiya” termini bir neçə dəfə vurğulanır və bu fərq təsadüfi deyil.

Strateji Tərəfdaşlıq Xartiyasının mahiyyəti və hüquqi çərçivəsi həmin anlayışların sənədə daxil edilməsini zəruri və ya mümkün edirmi?

Globalinfo.az-a danışan sabiq baş nazir Pənah Hüseyn bildirib ki, Ermənistanla ABŞ arasında 14 yanvar 2025-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədi Co Bayden administrasiyasının hakimiyyəti dövrünə təsadüf edir:

“Beynəlxalq münasibətlərdə demokratik dəyərlər və prinsiplər məsələsi ABŞ üçün prioritet istiqamətlərdən biri idi. Tramp administrasiyası isə təhlükəsizlik, logistika, iqtisadi əlaqələr və digər məsələlərin, o cümlədən beynəlxalq münasibətlərdə praktik əməkdaşlığın prioritet olduğunu bəyan edib. Bu fərq müəyyən məqamları izah edir.

penah huseyn

Pənah Hüseyn

Prinsip etibarilə, demokratiya və insan haqları məsələlərinin istər beynəlxalq müqavilələrdə, istərsə də dövlətlərin siyasətində ikinci və ya üçüncü plana keçirilməsini müsbət dəyərləndirmirəm. Hazırda dünya siyasətində elə proseslər gedir ki, dövlətlər üçün fərqli məsələlər prioritetə çevrilməyə başlayıb. Sözügedən amilin də sadaladığım faktlarla bağlı olduğunu düşünürəm.

Müəyyən dövrlərdə qlobal güclərin insan hüquqları, azadlıqlar və demokratik prinsiplərdən öz maraqları istiqamətində istifadə etməyə çalışdıqları hallar da olub. Bu isə bəzi ölkələrdə əks reaksiyaların yaranmasına səbəb olurdu. Ermənistanla imzalanan analoji sənəddə demokratik islahatlara dəstək və müharibə ilə bağlı müəyyən yardım məsələlərinin ABŞ tərəfindən təmin edilməsi nəzərdə tutulurdu.

Ümumiyyətlə, Ermənistan və Azərbaycanla imzalanmış sənədlərdə qeyd edilən bəzi müddəaları real icra prosesindən ayırmaq lazımdır. Bu yanaşma digər sahələrə də aiddir”.

Milli Məclisin deputatı Razi Nurullayev Bakıda Vensin iştirakı ilə imzalanan xartiya ölkələrimiz arasında strateji tərəfdaşlığı daha da gücləndirməyə hesablanmış mühüm sənəddir:

“Demokratiya və insan haqları kimi anlayışlar beynəlxalq münasibətlərdə universal dəyərlər kimi qəbul edilir və onların qorunması bütün beynəlxalq aktlarda önəmli yer tutmalıdır. Digər tərəfdən, ABŞErmənistan münasibətlərini əhatə edən son sənədlərdə bu terminlərin bir neçə dəfə qeyd olunması həmin sənədlərin mahiyyəti və hədəflərinin fərqliliyini əks etdirir — onlar əsasən demokratik institutların möhkəmləndirilməsi və Avropa inteqrasiyası kimi spesifik məqsədlər üzərində qurulub.

Bu kontekstdə qeyd etmək lazımdır ki, strateji tərəfdaşlıq xartiyaları adətən ölkələr arasında qarşılıqlı maraqların tənzimlənməsi, təhlükəsizlik, ticarət və investisiya məsələlərini prioritetləşdirir. Demokratiya və insan haqları kimi universal prinsiplər isə beynəlxalq hüquq çərçivəsində ayrı mexanizmlərlə, məsələn, BMT və digər beynəlxalq təşkilatların qərarları, regionlararası platformalar və ikitərəfli insan haqları dialoqları vasitəsilə təşviq edilir.

WhatsApp Image 2025 12 22 at 10.03.46

Razi Nurullayev

Bu baxımdan, ABŞAzərbaycan xartiyasının mahiyyəti bu universal dəyərləri ayrıca maddələr kimi qeyd etməyi zəruri etmir. Lakin bu, həmin dəyərlərin əhəmiyyətsiz olduğu anlamına da gəlmir. Azərbaycan hökuməti üçün demokratiya və insan haqları sahəsində irəliləyiş milli prioritetlərdən biridir və bu, beynəlxalq tərəfdaşlarla dialoqun ayrılmaz hissəsidir. Əgər cəmiyyət olaraq demokratik islahatların daha aydın və konkret şəkildə daxili və beynəlxalq sənədlərdə təsbit olunmasını istəyiriksə, hökumətlə dialoq mühitini daha da genişləndirməliyik.

Nəticə olaraq, imzalanan xartiya strateji əməkdaşlıq üçün mühüm sənəd olsa da, demokratiya və insan haqları kimi anlayışların ora daxil edilməməsi onun mahiyyətinə zidd deyil, lakin bu, onların önəmini azaltmır. Fikrimcə, bu sahədə islahatlara ehtiyac var”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: