Türkiyədə son günlər keçirilən aksiyalarda Azərbaycan əleyhinə siyasi və dini çağırışların səsləndirilməsi diqqət çəkir. Belə ki, oktyabrın 3-də İstanbulda Azərbaycanın Baş konsulluğu, oktyabrın 13-də isə Ankaradakı səfirliyi qarşısında etiraz aksiyaları keçirilib. Hər iki aksiyada Azərbaycanda hicabın qadağan olunduğu iddia edilib, dini şüarlar səsləndirilib və etiraz plakatları qaldırılıb. Bu hadisələr Türkiyədə bəzi siyasi və dini çevrələrin Azərbaycana münasibəti, səsləndirilən çağırışların mahiyyəti, onların iki ölkənin münasibətlərinə mümkün təsirləri barədə suallar doğurur.
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, iki ölkəni birləşdirən amillər yalnız ortaq dil, mədəniyyət və tarixi yaxınlıq deyil:
“Qarşılıqlı siyasi etimad, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat layihələri, təhlükəsizlik sahəsində tərəfdaşlıq, eləcə də regional maraqlar bu münasibətlərin mühüm dayaqlarıdır. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi də Azərbaycan-Türkiyə müttəfiqliyinin strateji xarakterini rəsmiləşdirib. Bu baxımdan, bir neçə etiraz aksiyasının iki dövlət və iki xalq arasında formalaşmış qardaşlıq münasibətlərini sarsıtması faktiki olaraq mümkün deyil. Ayrı-ayrı siyasi və dini qrupların səsləndirdiyi fikirlər milyonlarla insanın ortaq iradəsini ifadə etmir. Türkiyədəki hər hansı təşkilatın və ya qrupun mövqeyini bütün cəmiyyətin mövqeyi kimi təqdim etmək də yanlış ümumiləşdirmədir. Tarixi təcrübə də göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri müxtəlif dövrlərdə mürəkkəb regional proseslərdən və siyasi sınaqlardan keçsə də, qarşılıqlı dəstək prinsipi öz əhəmiyyətini qoruyub. Qarabağın işğaldan azad olunması prosesində Türkiyənin Azərbaycana verdiyi siyasi və diplomatik dəstək, iki ölkənin müdafiə, təhlükəsizlik sahəsində əməkdaşlığı, eləcə də iqtisadi əlaqələrin genişlənməsi bu yaxınlığın konkret nümunələridir. Belə münasibətləri ayrı-ayrı aksiyaların şüarları ilə ölçmək mümkünsüzdür”.
Rəşad Bayramov
Politoloq bildirib ki, hadisələrin heç bir təsir doğurmayacağını düşünmək düzgün yanaşma olmaz:
“Emosional və ittihamedici ritorika ictimai müzakirələrdə yanlış təsəvvürlərin yayılmasına, sosial şəbəkələrdə qarşılıqlı ittihamların artmasına və həssas məsələlərin siyasi rəqabət vasitəsinə çevrilməsinə şərait yarada bilər. Əsas risk aksiyaların özündən daha çox, onların Azərbaycan və Türkiyə cəmiyyətlərini qarşı-qarşıya qoymaq üçün istifadə edilməsidir. Dini inanclar, dünyəvilik və xarici siyasət kimi mövzuların vahid qarşıdurma xəttinə çevrilməsi ictimai dialoqu çətinləşdirə bilər. Belə vəziyyətdə həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətinin faktlarla emosional iddiaları fərqləndirməsi, ayrı-ayrı qrupların mövqeyini bütöv xalqa şamil etməməsi vacibdir”.
R.Bayramov qeyd edib ki, İstanbul və Ankarada keçirilən aksiyalar Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini müəyyənləşdirən hadisələr deyil:
“Bu münasibətlər ayrı-ayrı təşkilatların çağırışlarından, müvəqqəti fikir ayrılıqlarından və sosial şəbəkələrdəki kampaniyalardan daha geniş tarixi, siyasi, mənəvi əsaslara malikdir. “Bir millət, iki dövlət” ifadəsi sadəcə rəmzi şüar deyil, uzunmüddətli əməkdaşlıq və qarşılıqlı dəstəklə möhkəmlənmiş əlaqələrin təsviridir.
Azərbaycan və Türkiyə arasında fikir ayrılıqlarının yaranması mümkündür, lakin bu, qardaşlığın zəifləməsi ilə eyniləşdirilməməlidir. Əksinə, belə həssas məqamlarda qarşılıqlı hörmət, təmkinli diplomatiya və açıq dialoq daha böyük əhəmiyyət qazanır. Ayrı-ayrı qrupların çağırışlarının iki xalqın münasibətlərinə xələl gətirməsinə imkan verməməyin ən etibarlı yolu emosiyalara deyil qarşılıqlı etimada söykənməkdir”.
Ləman İmran
Globalinfo.az