lusine badalyan

Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatı Lusine Badalyanın Rusiyaya girişinə icazə verilməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, Badalyan oktyabrın 14-də MDB Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün Sankt-Peterburqa uçmağı planlaşdırıb.

Deputat sosial şəbəkə hesabında bildirib ki, MDB Parlamentlərarası Assambleyasında Ermənistan Milli Assambleyasının nümayəndə heyətinin üzvü kimi gündəliyinə 16 məsələnin daxil olduğu iclasda iştirak etməli idi.

Lakin Rusiya Federasiyasına girişimə icazə verilmədi. Səbəb kimi ölkəyə girişimin qadağan olunduğu bildirildi. Bunun hansı səbəbdən edildiyi isə məlum deyil.

Badalyan baş verənləri qəribə və narahatlıq doğuran vəziyyət kimi qiymətləndirib. Onun sözlərinə görə, parlament nümayəndə heyətinin üzvünün rəsmi vəzifələrini yerinə yetirmək və komissiyanın işində iştirak etmək məqsədilə beynəlxalq parlament təşkilatının qərargahına getməsinə maneə yaradılıb.

Qeyd edək ki, deputat daha əvvəl dəfələrlə Ermənistanda Rusiya telekanallarının yayımını tənqid edib və bunu milli təhlükəsizliyə təhdid adlandırıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: