ABŞ kəşfiyyat orqanları hesab edir ki, İranın yeni ali lideri ayətullah Müctəba Xamenei nüvə silahı əldə etməkdə atası Əli Xameneidən daha israrlıdır.
Globalinfo.az bildirir ki, bu barədə The New York Times amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, ABŞ kəşfiyyatı Müctəba Xameneinin və hakimiyyətə gələn daha mühafizəkar hökumətin nüvə silahı hazırlamaq niyyətində olduğunu düşünür. Kəşfiyyat məlumatlarına əsasən, İran ötən ilin iyununda ABŞ-ın bombardman etdiyi nüvə obyektlərindən uran zənginləşdirmə sentrifuqalarının bir hissəsini ölkənin mərkəzindəki Pikaks dağında yerləşən yaxşı mühafizə olunan yeraltı kompleksə köçürüb. Həmçinin mümkün ABŞ quru əməliyyatının qarşısını almaq üçün əraziyə əlavə hərbi qüvvələr yerləşdirilib.
ABŞ rəsmilərinin fikrincə, bu addımlar Tehranın uran zənginləşdirmə potensialını qorumağa çalışdığını göstərir. Onlar bildirirlər ki, İranın yüksək zənginləşdirilmiş uran ehtiyatları da daxil olmaqla, nüvə proqramının əsas elementləri hələ də salamatdır.
Bu arada New York Post qəzeti yazır ki, Vaşinqton İranın nüvə obyektlərində saxlanılan zənginləşdirilmiş uranı ələ keçirmək məqsədilə genişmiqyaslı xüsusi əməliyyat keçirmək imkanını nəzərdən keçirir. Nəşrin məlumatına görə, belə əməliyyat zamanı obyektlərin mühafizəsi, minaların zərərsizləşdirilməsi və nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin edilməsi üçün minlərlə hərbçinin cəlb olunması lazımdır. Uran materiallarının çıxarılması isə kiçik xüsusi təyinatlı qrup tərəfindən həyata keçiriləcək.
Mümkün hədəflər sırasında İsfahan, Fordo və Natanz yaxınlığındakı Pikaks dağının yeraltı kompleksi göstərilir. Bildirilir ki, İran mümkün hücum ehtimalını nəzərə alaraq bəzi obyektləri əlavə şəkildə möhkəmləndirib və əraziləri partlayıcılarla minalayıb.
Ekspertlər xəbərdarlıq edirlər ki, belə bir əməliyyat son dərəcə təhlükəlidirvə hərbi tarixdə ən mürəkkəb xüsusi təyinatlı əməliyyatlardan birinə çevrilə bilər.
Əliyar Xəlil