Ukrayna prezidentinin çantasında nələr var?

Ukrayna prezidentinin çantasında nələr var?

“Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfərinin və burada keçirdiyi görüşlərinin bir neçə hədəfi var”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, birincisi, Zelenski Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı ilə beynəlxalq aləmə Kiyevin müharibənin dayandırılması yollarını izah edəcək:

“Zelenski elan etdiyi “Sülh planı”nın detallarını açıqlamasa da, bu planın əsas məqsədinin Rusiyanın işğalına son qoymaq olduğu məlumdur. Bu isə müharibənin davam edəcəyinə işarədir. Zelenskinin ABŞ-a səfəri zamanı Rusiya ordusu Ukraynanın şərqində işğalı genişləndirmək üçün cəhdlərini davam etdirir. Buna baxmayaraq, Ukrayna prezidenti nikbindir. Məsələn, V.Zelenski ABC televiziya kanalına verdiyi müsahibədə “müharibənin sonu çoxlarının düşündüyündən daha yaxındır” ifadəsini işlədib. O, ölkəsinin ərazi bütövlüyünü təmin edəcəyinə tam əmin olduğunu bildirib. Bunun üçün isə Qərb ölkələrinin Ukraynaya maliyyə və hərbi yardımı davam etdirmələri vacibdir.

İkinci məsələ isə Zelenskinin ABŞ Prezidenti Cozef Baydenlə görüşündə Ağ Ev rəhbərini Ukrayna ordusunun Amerika raketləri ilə Rusiyanın daxilinə zərbələr endirməsinə icazə verməyə inandırmağa çalışmasıdır. Prinsip etibarilə Bayden administrasiyası bu məsələyə müsbət yanaşmağa yaxındır. Avropa ölkələrindən Böyük Britaniya və Niderland artıq Ukraynaya verdikləri silahlardan Rusiyanın daxilinə zərbələr endirməsinə icazə veriblər”.

E.Şahinoğlu deyib ki, Zelenskinin ABŞ səfəri zamanı üçüncü missiyası da var:

“O, prezidentliyə namizədlər Kamala Harris və Donald Trampla görüşəcək. Zelenskinin bu görüşlərdə əsas məqsədi, hər hansı bir namizədin qələbə qazanacağı halda, Ağ Evin yeni sahibinin Ukraynaya hərbi yardımı dayandırmamasını təmin etməkdir.

Kamala Harrislə bağlı ciddi problem gözlənilmir, çünki o, Baydenin xarici və təhlükəsizlik siyasətini davam etdirəcək. Əsas təhlükə Donald Trampla bağlıdır. Tramp Ağ Evə sahib olacağı təqdirdə Ukraynaya maliyyə və hərbi dəstəyin dayandırılacağını vəd edib. Zelenski Trampla görüşərək onu bu yanlış addımdan çəkindirməyə çalışacaq. Əlbəttə, Tramp Zelenskini dinləyəcək, lakin onun mövqeyini dəyişəcəyini demək çətindir. Bir müddət əvvəlki çıxışında Tramp Zelenskini “dilənçi” adlandırmış və ABŞ-ın Avropadakı müharibəyə pul xərcləməsinin əleyhinə olduğunu bildirmişdi”.

Ukrayna prezidentinin çantasında nələr var?

Politoloq Volodimir Zelenskinin ABŞ-da olduğu müddətdə digər ikitərəfli görüşlər də keçirdiyini vurğulayıb:

“Zelenski Hindistanın Baş naziri Narendra Modi ilə bir ay ərzində ikinci dəfə görüşüb. Modi də Zelenski kimi BMT Baş Assambleyasının sessiyasında iştirak edir. Görüş zamanı Modi dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsi prinsiplərinin qorunmasında gələcək əməkdaşlığa hazır olduğunu bir daha bəyan edib. Zelenski və Modi bu istiqamətdə daha sıx ikitərəfli dialoqun aparılmasının məqsədəuyğun olduğunu qəbul ediblər. Modi Hindistanın sülhün tezliklə bərpasına kömək etmək üçün bütün mümkün yollarla töhfə verməyə hazır olduğunu bir daha qeyd edib. Görüşdə Ukrayna ilə bağlı ikinci Sülh sammitinin Hindistanda keçirilməsi məsələsi də müzakirə olunub. Zelenski ikinci sammitə Rusiyanın da dəvət edilməsinin mümkünlüyünü vurğulasa da, Kreml sammitdə iştirak etməyəcəyini əvvəlcədən bəyan edib”.

Zaira Akifqızı
Globalinfo.az