Türkiyə sözünü deyir, amma iradə ortaya qoymur: Ankara nəyi gözləyir?

ankara tel eviv

İran və İsrail gərginliyi davam edərkən diqqət çəkən məqamlardan biridə Türkiyənin mövqeyidir. Rəsmi Ankara həm İsrailin Qəzzada keçirdiyi əməliyyatlara, həm də Tehrana yönəlmiş son hücumlara qarşı sərt bəyanatlar səsləndirsə də, praktiki müstəvidə ciddi bir addım atmır.

Bölgədə baş verən proseslər fonunda Türkiyənin söz və əməl balansı arasında müəyyən boşluq müşahidə olunur. Siyasi şərhçilər hesab edir ki, Ankara bu məsələdə öz geosiyasi mövqeyini və diplomatik əlaqələrini qorumağa çalışır. Bir tərəfdən Qəzzada humanitar böhranla bağlı mövqeyini qlobal ictimaiyyətə çatdıran Türkiyə, digər tərəfdən İranla münasibətləri pozmamaq üçün balanslı siyasət yürüdür. Nəticədə isə Türkiyə yalnız bəyanatlar səsləndirməklə kifayətlənir, konkret mexanizmlərlə proseslərə təsir göstərmək istəmir.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İran və İsrail arasında baş verən hərbi qarşıdurma təkcə Yaxın Şərqdə deyil, bütövlükdə regionda strateji balansı sarsıda biləcək hadisədir:

“Bu kontekstdə region güclərindən biri olan Türkiyənin mövqeyi diqqətlə izlənilir. Türkiyənin İsrailə yönəlik ritorikası nə qədər sərt olsa da, rəsmi Ankaranın prosesə təsir imkanları real siyasət baxımından məhduddur.

qabil huseynli esas
Qabil Hüseynli

Türkiyə İsrailin Qəzzada apardığı müharibəyə qarşı sərt ritorikadan istifadə edir, İrana qarşı hücumları da qınayır. Amma bu bəyanatlar real güc tətbiqi ilə müşayiət olunmur. Rəsmi Ankara, əslində, hadisələrə kənardan baxan və baş verənlər fonunda diplomatik mövqeyini qorumağa çalışan bir aktor rolunu oynayır.

Türkiyənin bugünkü mövqeyi həm daxili siyasi çətinliklərlə, həm də Qərblə münasibət balansı yaratmaq istəyi ilə əlaqəlidir. Ankara hazırda iqtisadi baxımdan çətin bir dövr keçirir. ABŞ və Avropa ilə münasibətlərdə onsuz da bir qeyri-müəyyənlik var. Belə şəraitdə Türkiyənin açıq şəkildə İranın tərəfində yer alması və ya İsrailə qarşı konkret addımlar atması gözlənilən deyil. Bu, həm NATO ilə problemlər yaradar, həm də regional siyasətdə manevr imkanlarını daraldar”.

Turan Rzayev
Globalinfo.az