Globalinfo.az rusiyalı politoloq, Yaxın Şərq üzrə ekspert, iranşünas İqor Pankratenko ilə müsahibənin üçüncü – sonuncu hissəsini təqdim edir.
Əvvəlki hissə BURADA:
– Türkiyə sərhəd təhlükəsizliyi və miqrasiya idarəçiliyinə diqqət yetirərək İran rejiminin mümkün devrilməsi ssenarisinə hazırlaşır. İran sərhədi boyunca bufer zonasının yaradılması variantı nəzərdən keçirilir, hərbi və texnoloji tədbirlər artırılır. Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakan 2003-cü ildə verdiyi açıqlamada xarici qüvvələrin İranı hədəfə almasından sonra sıranın Türkiyəyə gələcəyini söyləyib. Bildiyimiz kimi, Ankara ilə Təl-Əviv arasında münasibətlər çox gərgindir və zaman-zaman Bakının vasitəçiliyi mövzusu da gündəmə gəlir. Lakin hazırda Türkiyənin ABŞ-la strateji məsələlərdə yaxınlaşmasını nəzərə alsaq, növbəti hədəfin Türkiyə olması nə dərəcədə realdır?
– Sualınızın birbaşa cavabı belədir: Türkiyə yaxın gələcəkdə ABŞ və ya İsrailin növbəti hədəfi olmayacaq, lakin o, İrana hücumdan sonra yaranacaq xaosun əsas qurbanı olmaq riskini daşıyır. Ankara bunu çox gözəl başa düşür və bütün siyasəti hazırda tək bir məqsədə xidmət edir: sərhədlərində müharibənin qarşısını nəyin bahasına olursa olsun almaq.
– Bəs prosesdə Türkiyənin mövqeyi necədir?
– Türkiyənin mövqeyini anlamaq üçün mümkün hədəflərə deyil, yaxın tarixinə nəzər yetirmək lazımdır. Türkiyəyə birbaşa təhdid hipotetik işğaldan deyil, qonşularının həqiqi çöküşündən qaynaqlanır. Amerika müdaxilələrinin milyonlarla qaçqına, illərlə davam edən qeyri-sabitliyə və terror təhdidlərinə səbəb olduğu İraq və Suriya təcrübəsi Ankaranın müasir xarici siyasətini formalaşdıran travmadır. Prezident Ərdoğan və xarici işlər naziri Hakan Fidan İrana hər hansı bir hərbi müdaxiləyə açıq şəkildə və davamlı olaraq qarşı çıxırlar, çünki bunu öz sərhədlərində fəlakətin başlanğıcı kimi görürlər.
– Daha dəqiq desək…
– Onların mövqeyi Ankaranın çoxsaylı fikir ayrılıqları olan İran rejiminə rəğbətə deyil, praqmatik hesablamaya əsaslanır. Türk analitiklərinin fikrincə, Tehranda rejim dəyişikliyi çox güman ki, demokratiyaya deyil, dövlətin süqutuna, vətəndaş müharibəsinə və Türkiyənin artıq qəbul edə bilməyəcəyi yeni qaçqın dalğasına gətirib çıxaracaq. Buna görə də Türkiyə rəsmiləri iranlıların “xarici qüvvələrin müdaxiləsi olmadan” öz problemlərini həll etməli olduqlarını vurğulayır.
– Türkiyəni hansı təhlükələr gözləyir?
– Bu gün Ankara işğal təhlükəsinə deyil, onun üçün hər hansı xarici təcavüzdən daha qorxulu olan nəticələri idarə etməyə hazırlaşır:
Miqrasiya dalğası və humanitar böhran. Türkiyə artıq milyonlarla suriyalını qəbul edib və limiti doldurub. Hakimiyyət orqanları İrandan qaçqın axınını qəbul etməyə hazır olmadıqlarını və sərhəd təhlükəsizliyini gücləndirdiklərini açıq şəkildə bildiriblər.
Separatizm və regional parçalanma təhlükəsi. İranın etnik zəmində parçalanması Ankara üçün ən pis ssenaridir. Bu, təkcə qonşu ölkələrdəki sabitliyi pozmaqla yanaşı, həm də kürd azlığın yaşadığı Türkiyənin özündə separatçı əhval-ruhiyyəni alovlandıra bilər.
İqtisadi və enerji çöküşü. Əsas enerji mərkəzi və ticarət yollarında qeyri-sabitlik Türkiyənin iddialı layihələrinə, o cümlədən Ankaranın böyük sərmayə qoyduğu nəqliyyat dəhlizlərinə təsir edəcək.
Məhz buna görə də Türkiyə passiv gözləmə mövqeyi tutmur, əksinə bir neçə istiqamətdə hərəkət edir:
Aktiv diplomatiya: Ankara özünü əsas vasitəçi kimi təqdim edir. Nazir Fidan bildirir ki, “İranın əsas beynəlxalq oyunçularla problemlərinin həlli… bizim maraqlarımıza uyğundur”. Türkiyənin öz ərazisində Qətər və Misirlə birlikdə ABŞ və İran arasında danışıqlar təşkil etmək üçün çalışdığı barədə məlumatlar var.
Bakı ilə koordinasiya: Ərazisinin İrana qarşı hücumlar üçün istifadə olunmayacağına zəmanət verən Azərbaycanın mövqeyi Türkiyənin gərginliyin azaldılması məntiqinə tam uyğundur. Bu, gərginliyin bir hissəsini aradan qaldırır və Ankara ilə Bakının koordinasiyalı şəkildə hərəkət etməsinə imkan verir.
NATO-ya qarşı daxili tənqid: NATO üzvlüyünün Türkiyəni milli maraqlarına xidmət etməyən münaqişələrə sürükləyə biləcəyi barədə getdikcə daha çox fikir formalaşır. Bu, Ankaranı suverenliyini daha qətiyyətlə müdafiə etməyə və müttəfiqlərinin avantüralarından uzaqlaşmağa məcbur edir.
– Mümkünsə, yekun olaraq prosesi ümumiləşdirək…
– Qısacası, Nəcməddin Ərbakanın peyğəmbərcəsinə dediyi “Türkiyənin növbəsi gələcək” fikri gerçəkləşir, amma tamamilə fərqli, daha məkrli bir şəkildə. Ankara üçün hücum təhlükəsi deyil, başqalarının müharibələrinin nəticələri ilə mübarizə aparmaq zamanı gəlir. Acı təcrübədən strateji və tamamilə düzgün nəticə çıxaran Türkiyə, bu ssenarinin qarşısını almaq üçün əlindən gələni edir və Yaxın Şərqdə qeyri-sabit vəziyyətin yaranmasına qarşı son ciddi bufer rolunu oynayır. Onun əsas döyüşü hazırda hər hansı bir konkret düşmənlə deyil və xaricdən cəlb edildiyi idarə olunan xaosun məntiqi ilə hərəkət edir. Onun və siyasətçilərinin bu uzun mübarizəni davam etdirmək üçün kifayət qədər gücü və səbri olması üçün isə yalnız dua etmək qalır.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul