Suriya və Türkiyə yeni İş Şurasının yaradılması barədə razılığa gəlib. Tərəflər həmçinin ikitərəfli əməkdaşlığın inkişafına yönələn 10 saziş imzalayıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi ölkənin İqtisadiyyat və Xarici Ticarət naziri Məhəmməd Nidal əl-Şaar və Türkiyənin ticarət naziri Ömər Bolatın birgə bəyanatına istinadən məlumat yayıb.
“Xarici İqtisadi Əlaqələr Şurası hər iki ölkənin dövlət və özəl sektorları arasında əməkdaşlığı gücləndirməyə kömək edəcək”, – deyə məlumatda bildirilir.
Tərəflər Suriya gömrük məntəqələrinin modernləşdirilməsi, sərhəd infrastrukturunun təkmilləşdirilməsi və sərhəd prosedurlarının optimallaşdırılması üçün birgə işləmək barədə razılığa gəliblər. Həmçinin iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Bundan əlavə, birgə iqtisadi və ticarət komitəsinin yaradılması, Suriya infrastrukturunun gücləndirilməsi üçün inzibati inkişaf və idarəetmə sahəsində anlaşma memorandumunun imzalanması barədə qərar qəbul edilib.
Tərəflər dövlət xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün mexanizmlərin işlənib hazırlanmasına və Suriyanın sənaye sektorunun bərpasına yönələn institusional addımların müəyyənləşdirilməsinə xüsusi diqqət yetiriblər.
Əliyar Xəlil