Türkiyə Azərbaycanın taktikasına əl atdı – 30 il sonra hədəf dəyişir

Türkiyə rəsmi olaraq BRİKS-ə üzvlük üçün müraciət edib. Bakının ardınca Ankaranın da belə bir addım atması gözlənilirdi.

Hər iki ölkənin də coğrafi mövqeyi səbəbi ilə təşkilata üzvlüyü real amil kimi dəyərləndirilir.

NATO ölkəsi olan Türkiyənin bu addımının onun üçün nəticələri necə olacaq? Ankara BRİKS qərarı ilə Şərq blokuna qoşulduğu mesajını verir?

Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsameddin İnanç deyib ki, Ankara Soyuq müharibədən etibarən NATO-nun üzvüdür:

“Türkiyə indiyə kimi alyansın şərq və cənub sərhədlərinin təhlükəsizliyini qoruyan güvənilir, etibarlı ölkə olub. SSRİ-nin dağılmasından sonra ikiqütblü dünya təkqütblü model ilə əvəzləndi. Əslində, bu hadisə ilə Ankaranın NATO-dakı missiyasının effektivliyinin azalacağı gözlənilirdi.

Vaşinqtonun təkqütblü dünya modeli 11 sentyabr 2001-ci ilə qədər davam etdi. ABŞ “dərin dövləti” təşkil etdiyi bu hadisədən sonra genişlənməyə meyilli siyasət yürütməyə başladı. Nəticədə “Ərəb baharı” hadisələri, Ankaranın cənub sərhədlərində meydana gələn siyasi proseslər NATO müttəfiqlərinin Türkiyəni parçalama cəhdini ortaya çıxardı”.


Hüsamettin İnaç

Politoloq müttəfiq kimi görünən bəzi ölkələrin Ankaraya qarşı ciddi təhdid yaratdığını bildirib:

“Onlar ölkəmizin cənub sərhədlərində gərginliyi artırırlar. Türkiyə sadəcə Rusiyadan S-400 aldığı üçün NATO-da ikili standarta məruz qaldı. Ankara görür ki, həm NATO, həm də Avropa İttifaqından (Aİ) istədiyini ala bilmir. Xüsusilə Aİ-yə üzvlük məsələsində 30 ilə yaxındır proses uzadılır.

Türkiyə Qərb və Şərq arasında balans yaratmaq üçün BRİKS-ə üzv olmaq istəyir. NATO-da qalaraq isə alyansın şərindən qorunmağa çalışır. Aİ yolundan BRİKS-ə yön dəyişərək Şərq blokuna yaxın olmaq istəyir. Bu, tamamilə balans siyasətidir”.

Siyasi şərhçi Abutalıb Səmədov Globalinfo.az-a deyib ki, Türkiyənin BRİKS-ə daxil olmaq  barədə müraciəti gözlənilirdi:

“Ankara Şanxay Əməkdaşlıq təşkilatına da üzv olmaq istəyindədir. Bu təşkilatlar iqtisadi əməkdaşlıq məqsədi ilə yaradılıb. Təbii ki, həm Türkiyə, həm də Azərbaycan Avropa İttifaqına üzv olmaq istəyərdi. Lakin iki ölkənin də belə şansı yoxdur.

Təxminən 40 ilə yaxındır ki, Türkiyə Aİ-nin qapısının önündə saxlanılır. Əslində bu mövqe belə onu deməyə əsas verir ki, Brüsselin Ankaranı ittifaqa almaq niyyəti yoxdur”.


Abutalıb Səmədov

Onun sözlərinə görə, Türkiyədə kifayət qədər iqtisadi problemlər var:

“Ankara problemləri həll etmək üçün alternativlər axtarır. Hesab edirəm ki, BRİKS bu istiqamətdə yaxşı alternativdir. Təşkilatın üzvləri ilə əməkdaşlıq Türkiyə iqtisadiyyatını inkişaf etdirməyə şərait yaradacaq.

Qərb Ankaranın bu addımını neqativ qarşılayacaq. Təbii ki, ciddi addımlar atılmayacaq, amma Türkiyəyə münasibət daha da soyuyacaq”.

Turan Rzayev
Globalinfo.az