Türk dünyasının liderləri Əroğanla bağlı qərar verdi – Ankara masası

“Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə toplantısının keçirilməsi 14 may seçkilərindən öncə məsləhətləşməyə ehtiyacın olmasından əlavə, həm də bu ittifaqda birləşən ölkələrin rəhbərlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəstəklərinin beynəlxalq aləmə nümayişi sayıla bilər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü deyib.

Onun sözlərinə görə, TDT-də birləşən ölkə rəhbərləri indi hər kəsdən daha yaxşı anlayırlar ki, Türkiyədəki 14 may seçkilərində Qərbin açıq-aşkar dəstək verdiyi “6-lı masa”nın namizədi qalib gələrsə, bu, TDT-nin fəaliyyətinə də ciddi təsir göstərəcək:

“Çünki TDT-də birləşmiş ölkələr həm də Qərbin əsas hədəf taxtasına çıxardığı Rusiya ilə çox yaxşı əlaqələri olan, Ukrayna üzərində gedən Qərb-Rusiya savaşında tərəfə çevrilmək istəməyən ölkələrdir və əgər Türkiyədə “Qərb masası”nın namizədi qalib gələrsə, bu, TDT-ni də zorən bu savaşda tərəfə çevrilməyə sürükləyəcək”.

Elxan Şükürlü

Elxan Şükürlünün sözlərinə görə, Qərbin özünə düşmən saydığı Çin-Rusiya-İran üçbucağında yerləşmiş TDT coğrafiyasına isə Qərb maraqları naminə yeni savaş meydanına çevrilmək qətiyyən gərəkli deyil və “Bir Kəmər – Bir Yol” layihəsindən daha çox qazanacaq bu dəhlizə yalnız yeni fəlakətlər gətirə bilər.

“İndi 14 may seçkilərində Ərdoğanın qələbə qazanması təkcə “Cümhur İttifaqı”nın yox, həm də “Türk İttifaqı”nın, o cümlədən də bu coğrafiya ilə həmsərhəd Rusiya, Çin, İran kimi anti-Qərb dövlətlərin də həyati maraqlarıyla birbaşa bağlıdır” – deyə o, bildirib.

Turan Rzayev
Globalinfo.az