Türk Dövlətləri Təşkilatı Naxçıvan sazişini yeniləyir – masada hansı təkliflər var?

Noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı liderlərinin zirvə toplantısı baş tutacaq. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Zirvə Görüşündə bir sıra sənədlər imzalanacaq. O, əlavə edib ki, təşkilatın Naxçıvan Sazişində dəyişiklik ediləcək. Bildirilib ki, hansı dövlətlərin Türk Dövlətləri Təşkilatında müşahidəçi ola biləcəyinə dair maddə üzərində iş aparılıb.

Politoloq Əziz Əlibəyli mövzunu Globalinfo.az-a şərh edərkən bildirib ki, Türkiyənin həm xarici işlər naziri, həm də prezidenti tərəfindən Türk Dövlətləri Təşkilatı yönündə verdiyi mesajları göstərir ki, bu yüksək iradə türk dövlətlərinin çox sıx inteqrasiya edilməsi, funksional fəaliyyətə çevrilməsi, ciddi sferada siyasi təhlükəsizlik və hərbi-iqtisadi sferalarda sıx əməkdaşlıq edə bilməsi nəzərdə tutulur.

“Zəngəzur dəhlizi istiqamətində müharibənin verdiyi ciddi üstünlükləri faydaya çevirmək baxımdan iki il ərzində çox böyük hədəflər qət edilib” – Ə.Əlibəyli bildirib.

Ə.Əlibəyli hesab edir ki, 2009-cu ildə imzalanan Naxçıvan sazişi birmənalı şəkildə TDT-nin yaradılması yönündə ciddi addımdır.

“Səmərqənddə TDT-nin görüşündə bəzi sənədlərin imzalanması Azərbaycan, Qazaxıstan və Özbəkistan ilə Türkiyə arasında ciddi bir mərhələdən xəbər verir. Burada ilk olaraq çatışmayan iki vacib nüans var. Bunlardan biri digər türk ölkələrinin adekvat olaraq və operativ şəkildə TDT-da müşahidəçi statusunun alınması ilə bağlıdır. İkincisi isə inteqrasiya məsələlərinin operativləşdirilməsidir”.

Ekspert Naxçıvan protokolunda dəyişikliyin edilməsinin məhz üzvlük prosedurunun çevik, rentabelli vəziyyətə gətirilməsi ilə bağlı olduğunu diqqətə çatdırıb.

“Yəni artıq qlobal, regional və dövlətlərarası reallıq çox adekvat və operativ şəkildə addım atmağı zəruri edir. Bizim də bu prosesdə nəzərdə tutduğumuz məsələ məhz budur”.

Politoloq Tural İsmayılovun fikrincə isə Türk Dövlətləri Təşkilatının görüşündə bir sıra məsələlərdə düzəlişlər ediləcək.

“Bu gün dünyada əgər NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı varsa, TDT-nin da özünün hərbi birliyi olmalıdır. Yəqin ki, Səmərqənd bəyannaməsində bu istiqamətdə ilkin addımların atılması ilə bağlı müəyyən məsələlər yer alacaq. Eyni zamanda TDT-nin sammitində Naxçıvan sazişinə yeni üzvlərin daxil edilməsi ilə bağlı düzəliş edilə bilər. Həmçinin burada müşahidəçi qismində iştirak edən Macarıstan və Türkmənistanın üzvlüyə qəbul məsələsinin sadələşdirilməsi prosesi ola bilər, həmin ölkələrin üzv edilmə potensialı da gerçəkləşə bilər, yaxud yaxın zamanlarda üzv edilməsi məsələsi müzakirə edilə bilər. TDT-nin dünyada baş verən bir çox proseslərlə bağlı ortaq mövqeyi ortaya çıxa bilər”.

O, həmçinin hesab edir ki, təşkilata üzv ölkələrin daxilində baş verən proseslərə təşkilat üzvlərinin ortaq, birgə reaksiya məsələsi yəqin ki, sammitdə yenə əsas müzakirə mövzusu olacaq və dəyişikliklərin mühüm bir hissəsinin bu istiqamətdə irəliləyəcək.

“Ümumilikdə, TDT-nin daha da güclənməsinə və bu təşkilata üzv ölkələrin bir-birinin təhlükəsizliyi ilə bağlı birgə və ortaq məsuliyyət daşımaq məsələsi əsas müzakirə predmetlərindən biri olacaq”, – deyə ekspert qeyd edib.

Gülnar Səlimova, Globalinfo.az