Tramp Xamenei 11

İranABŞ qarşıdurmasının İsveçrə görüşündən sonra sakitlik mərhələsinə keçməsi, əldə olunan 60 günlük atəşkəs rəsmi Tehranın Birləşmiş Ştatlar qarşısında geri çəkilmədiyini göstərir. Bu səbəbdən bir çox ekspertlər sözügedən prosesi İranın müharibədə üstünlüyü kimi qiymətləndirir. Əksini iddia edənlər də az deyil.

Üstünlük hansı tərəfdə oldu?

Globalinfo.az-a danışan Cənubi Qafqaz üzrə iranlı beynəlxalq ekspert Ehsan Movahedian deyib ki, qəti şəkildə üstünlük İranın tərəfində olub:

“Çünki ABŞ əvvəlcə İrandan atəşkəs tələb edib, bu isrardan sonra Tehran tərəfi tələblə razılaşıb. Yəni bu atəşkəs İranın irəli sürdüyü on bəndlik bəyanat əsasında həyata keçirilib və Prezident Donald Tramp da şərtləri qəbul edib. Daha sonra 60 günlük atəşkəsə dair anlaşma memorandumu hazırlanıb. Həmin sənəddə İran öz şərtlərini də irəli sürüb. Buna İranın nüvə proqramının müzakirə edilməməsi, Hörmüz boğazının idarə olunmasında İranın söz sahibi olması, Tehranın  dondurulmuş aktivlərinin geri qaytarılması, Livanda atəşkəsin təmin olunması, sanksiyaların azaldılması, İran nefti və neft-kimya məhsullarının satışına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və digər məsələlər daxildir.

Unutmamalıyıq ki, ABŞ İranla müharibəyə İslam Respublikasını məhv etmək, İran sivilizasiyasını dağıtmaq, ölkəni parçalamaq, onu silahsızlaşdırmaq və İranı yeni Liviya, Suriya və ya Venesuelaya çevirmək məqsədi ilə başlamışdı. Lakin indi Vaşinqton Tehranla 0bərabərhüquqlu danışıqlar aparmağa və onun tələblərini qəbul etməyə məcbur olub. Çünki İranın Hörmüz boğazını bağlamaq ehtimalı və bunun nəticəsində benzin, neft, gübrə və müxtəlif kimyəvi məhsulların qiymətlərinin artması ABŞ ictimaiyyətində narazılıq yaradıb, Trampa qarşı mənfi münasibəti gücləndirib və qarşıdan gələn Konqres seçkilərində Respublikaçılar Partiyasının populyarlığını azaldıb. Buna görə də Trampın İranın tələblərini qəbul etməkdən və ABŞ iqtisadiyyatını yaxşılaşdırmaq, eləcə də Fars körfəzindəki hərbi qüvvələrini və bazalarını bərpa etmək məqsədilə İranla müvəqqəti razılığa gəlməkdən başqa seçimi yoxdur. Bu iqtisadi və hərbi vəziyyət yaxşılaşdıqdan sonra isə yenidən İrana hücum edə bilər. Belə bir halda İran yenə də ABŞ-a sərt və dağıdıcı cavab verəcək”.

iran

Ehsan Movahedian

Ekspertin sözlərinə görə, İran gələcək qarşıdurmalarda da ABŞ üzərində üstün mövqeyini qoruyacaq:

“Bu üstünlük Tehranın xeyrinə dəyişmiş regional güc balansını formalaşdıran strateji, coğrafi və hərbi amillərin birləşməsindən qaynaqlanır.

– Tükəndirmə və assimetrik müharibə strategiyası: İran birbaşa qarşıdurma əvəzinə ballistik raketlərdən və aşağı maliyyətli pilotsuz uçuş aparatlarından istifadə edir. Bu strategiya ABŞ-a böyük xərclər yükləyir. Məsələn, bir “Patriot” raketinin qiyməti milyonlarla dollar olduğu halda, bir dronun qiyməti cəmi on minlərlə dollar təşkil edir. Bu isə ABŞ-ın müdafiə imkanlarını tədricən zəiflədir.

– Coğrafi və demoqrafik üstünlük: Təxminən 90 milyon əhalisi və geniş, dağlıq əraziləri olan İranın tamamilə məhv edilməsi praktiki olaraq mümkün deyil. Bu üstünlük İrana genişmiqyaslı hücumlara tab gətirmək imkanı verir.

– İqtisadi təsir və Hörmüz boğazına nəzarət: İranın Hörmüz boğazını bağlamaq təhdidindən istifadə etmək bacarığı (dünya neftinin təxminən 20%-i bu boğazdan keçir) onu “iqtisadi nüvə silahına” çevirib. Bu rıçaq İrana qlobal iqtisadiyyata və ABŞ-a təzyiq göstərmək imkanı verir və daimi çəkindirici vasitə rolunu oynayır.

– Müttəfiq şəbəkəsi və “üçtərəfli məcburetmə” strategiyası: İran Livandakı “Hizbullah”, Yəməndəki “husilər” kimi müttəfiqlərindən istifadə etməklə, həmçinin Körfəz ölkələrinə təzyiq göstərməklə, ABŞ-ın üstün hərbi qüvvələri ilə birbaşa qarşıdurmaya girmədən güc balansını dəyişdirə və onları danışıqlar masasına gətirə bilib.

– Dözümlülük və strateji səbir: İran 45 ildən artıq müddətdə sanksiyalara və təzyiqlərə tab gətirərək öz siyasi sistemini qoruyub saxlayıb. Bu dözümlülük, həmçinin qlobal nizamın dəyişməsi və ABŞ-ın zəifləməsindən faydalanan Çin və Rusiya kimi güclərin yüksəlişi ilə birlikdə İranın strateji mövqeyini daha da gücləndirib.

Nəticə etibarilə, son qarşıdurma göstərdi ki, ABŞ öz əsas məqsədlərinə (İranda rejim dəyişikliyi və ya onun silahsızlaşdırılması) nail ola bilməyib. Əksinə, ABŞ-ın açıq hərbi üstünlüyünə baxmayaraq, İran gələcək regional prosesləri öz xeyrinə dəyişdirə biləcək təsir imkanları əldə edib”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: