kredit

Azərbaycan bankları fermerlər üçün girov tələblərini yumşaltmağa hazırdır.

Globalinfo.az report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.

“Bu yaxınlarda Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə banklarla birgə görüş keçirmişik. Yeni Dövlət Proqramının (2022–2026-cı illər) maliyyələşdirilməsində özəl bankların iştirakı nəzərdə tutulur. Bankların əsas qaldırdığı məsələ kredit götürəcək şəxslər barədə dolğun və etibarlı məlumatların mövcudluğu ilə bağlıdır. Biz razılığa gəldik ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində hər bir fermerin son 5-6 il ərzində hansı məhsulu, harada və nə qədər ərazidə əkdiyi, eləcə də əldə etdiyi məhsuldarlıq barədə məlumatların banklara təqdim edilməsinə imkan yaradılsın. Çünki bank müştərisini tanımalı və onun fəaliyyət tarixi barədə ətraflı məlumata malik olmalıdır.

Bankların etimadını artırmaq üçün onları maksimum dərəcədə məlumatlandırmalıyıq. Bank nümayəndələri bildirdilər ki, fermerlər barədə etibarlı məlumatlar və fəaliyyət tarixçəsi olduğu halda girov təminatı ilə bağlı daha çevik yanaşma tətbiq etməyə hazırdırlar. Biz də bu məlumatların təqdim olunmasına hazır olduğumuzu bəyan etdik”, – deyə o qeyd edib.

Nazirin sözlərinə görə, burada fermerlərin də üzərinə müəyyən məsuliyyət düşür:

“Elektron Kənd Təsərrüfatı sistemində təqdim olunan bütün məlumatlar dolğun, düzgün və tam olmalıdır. Fermer nə qədər dəqiq və dürüst məlumat paylaşarsa, bu, gələcəkdə onun kredit əldə etməsinə, həmçinin subsidiya mexanizmlərinin daha səmərəli tətbiqinə imkan yaradacaq. Bu baxımdan əkin məlumatları təkcə banklar üçün deyil, digər maliyyə və sığorta institutları üçün də mühüm əhəmiyyət daşıyır. Fermerlər əkinlərini bəyan etsələr də, bir çox hallarda sonradan istehsal etdikləri məhsulun həcmini Sistemə daxil etmirlər. Bu isə gələcəkdə kredit müraciətləri zamanı banklarda əlavə suallar yarada bilər. Ona görə də ilk növbədə hər bir fermer və sahibkar öz məlumatlarını düzgün və tam şəkildə sistemə daxil etməlidir. Bu, gələcəkdə dövlət proqramlarından və maliyyə alətlərindən istifadə üçün də əsas şərtlərdən biri olacaq”.

“Məhsul şəhadətnaməsi” mexanizmi üzərində iş aparılıb və müvafiq dövlət qurumlarına təqdim olunub. Hazırda sənədə baxılır. Ümid edirik ki, payız sessiyasında Milli Məclisə təqdim ediləcək və qəbul olunacağı təqdirdə fermerlər üçün yeni maliyyələşmə mexanizmi formalaşacaq. Belə ki, fermerlər öz məhsulları əsasında məhsul şəhadətnaməsi əldə edərək həmin sənədi girov kimi təqdim etməklə banklardan kredit ala biləcəklər. Başqa sözlə, girov rolunu fermerin məhsulu oynayacaq. Bunun üçün isə müvafiq qanunvericilik bazasının formalaşdırılması vacibdir”, – deyə M.Məmmədov əlavə edib.

Paylaş: