“Böyük Britaniyada son illərdə tez-tez baş nazir dəyişikliyi baş versə də, Starmer vəzifədə hətta lazım olandan artıq qalıb”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Biz daha əvvəl də Rişi Sunak və Liz Trass kimi siyasətçilərin qısa müddətli hakimiyyətini müzakirə etmişdik. Məncə, Starmer isə əksinə, bu vəzifədə bir qədər çox qaldı”, – deyə o bildirib.
Xatırladaq ki, Starmer iyunun 22-də baş nazir postundan istefa verəcəyini açıqlayıb. O, qərarını rəhbərlik etdiyi Leyboristlər Partiyası fraksiyasının onu növbəti seçkilər üçün ən uyğun namizəd hesab etməməsi ilə əlaqələndirib.
Fəaliyyətinə yekun vuran Starmer bildirib ki, rəhbərliyi dövründə partiya daxilində antisemitizm problemlərinin aradan qaldırılmasına, iqtisadi və xarici siyasət kursuna inamın bərpasına, həmçinin daha ədalətli cəmiyyət qurulmasına çalışıb.
Qeyd edək ki, Böyük Britaniya son illərdə siyasi sabitsizlik dövrü yaşayır. Boris Consondan sonra ölkəyə ardıcıl olaraq Liz Trass, Rişi Sunak və Kir Starmer rəhbərlik edib.
Əliyar Xəlil
Globalinfo.az