Telefonu gecə boyu enerjiyə taxmaq olarmı? – Mütəxəssisdən AÇIQLAMA

Müasir smartfonlar gecə boyunca enerjidə qala bilər. Ancaq bunun üçün vacib şərtə əməl etmək lazımdır. Belə ki, telefonu enerjiyə qoyduğunuz şarj aləti və naqili mütləq smartfonunuza uyğun olmalıdır.

Globalinfo.az xəbər verir ki, bu fikri “Zecurion” analitik mərkəzinin rəhbəri Vladimir Ulyanov bildirib.

Onun sözlərinə görə, gecə ərzində telefonun enerji ilə doldurulması daha məqsədəuyğundur. Çünki gün ərzində telefonu enerji doldurmaq üçün toka taxıb-çıxarmaq batareyaya mənfi təsir göstərə və smartfonun istismar müddətini qısalda bilər. Bundan əlavə, smartfonu enerjidə olarkən istifadə etmək də doğru hal deyil. Çünki bu halda enerji alətinin kabelinin əzilməsi və zədələnməsi mümkündür.

Mütəxəssis onu da qeyd edib ki, müasir smartfonları uyğun olmayan və zədəli naqillərlə enerjiyə qoymaq qəti yolverilməzdir. Bu hal yanğın da daxil olmaqla bir sıra digər problemlərə yol aça bilər. Buna görə mütəxəssis zədələnmiş aksesuarlardan istifadəni tövsiyə etmir.

Digər tərəfdən, Vladimir Ulyanov telefonun enerjisini sıfıra endirməyi məsləhət görmür və smartfonu 100 faiz şarj etməyin vacibliyinə diqqət çəkir. Bəzi ekspertlər isə batareyanın 10-20 faiz azaldığı təqdirdə telefonu enerjiyə taxmağı və  80-90 faizə qədər doldurmağı məsləhət görürlər.

Əliyar Xəlil,

Globalinfo.az