İran Ermənistanın Baş naziri Nikol Paşinyana “Tramp yolu”nun (TRIPP) tikintisi ilə bağlı sərt şərtlər irəli sürüb. Tehran hökuməti tələb edib ki, TRIPP layihəsinin təhlükəsizliyini ya Ermənistan Silahlı Qüvvələri, ya da artıq Ermənistan ərazisində yerləşən üçüncü ölkənin silahlı qüvvələri təmin etsin. Ehtimal edilir ki, burada Rusiya Silahlı Qüvvələri nəzərdə tutulur.
Analitiklərin fikrincə, İran bununla ABŞ hərbçilərinin öz sərhədləri yaxınlığında peyda olmasının qarşısını almağa çalışır. Əks halda, getdikcə kəskinləşən münaqişə şəraitində İran tərəfi ABŞ hərbçilərini legitim hədəf hesab edə bilər.
Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, yaxın günlərdə Ermənistanın ABŞ-daki səfiri Narek Mkrtçyan TRIPP marşrutunun iqtisadi əsaslandırmasının bu ilin sonuna tamamlanacağını, 2027-ci ilin əvvəlində, çox güman ki, mart ayında isə təməlqoyma mərasiminin keçiriləcəyini açıqlayıb:
“Bu iddialı açıqlama təbii ki, İranın müəyyən dairələrində narahatlıq doğurub. Çünki İran bu marşrutun açılmasıyla özünün qlobal Şərq-Qərb dəhlizindən təcrid ediləcəyini düşünür və haqsız da deyil. Çünki bu marşrut açıldıqdan sonra Azərbaycan Türkiyəyə İrandan deyil, Naxçıvan və Ermənistan üzərindən keçidə üstünlük verəcək, bu, təbii və real ssenaridir. Doğrudur, Ermənistan rəsmiləri bu marşrutun İranın şimala yolunu bağlamayacağını, əksinə, Körfəz-Qara dəniz xəttində əlavə alternativ marşrut yaratmaq imkanı qazandıracağını bildirirlər, lakin Tehranın bu ideyanı reallaşdırmaq üçün imkanı yoxdur.
Ümumiyytlə, İran Ermənistan üzərindən şimala dəhliz çəkilməsini əlverişli hesab etmir. Odur ki, Amerikan hərbçiləri məsələsini bəhanə olaraq istifadə edir. Aydındır ki, TRİPP hər hansı hərbi strateji xarakterə malik infrastruktur deyil, qlobal ticarət-nəqliyyat əlaqələrini yaxşılaşdırmaq məqsədilə planlaşdırılıb. Ümumiyyətlə, TRİPP marşrutu gedərək daha çox tərəflərin cəlb olunduğu qlobal layihəyə çevrilməkdədir.

Şəhla Cəlilzadə
Ermənistan Qazaxıstan və Qırğızıstanı da bu layihəyə investisiya yatırmağa dəvət edib, öz payından onlara verə biləcəyini bəyan edib. Başqa sözlə, beynəlxalq konsorsium qurulursa, elə həmin konsorsium da ümumi təhlükəsizlik tədbirlərini təşkil edə bilər və bununla da İrana “Amerikan təhdidi” faktoru aradan qalxmış olar. Bu da həqiqətdir ki, TRİPP layihəsində ilkin olaraq təhlükəsizliyin Amerikan şirkəti tərəfindən təmin olunması nəzərdə tutulmuşdu, lakin bu, real geosiyasi konyuktura uyğun yenidən tənzimlənə bilən məsələdir.
İran ABŞ-la müharibə kontekstində sərhədininin heç bir tərəfində Amerikan əsgərini görmək istəmədiyini bəyan edir, lakin Hörmüzdə amerikalı əsgərlər var. İran öncəliklə bu məsələni həll etməlidir. Son olaraq, Tehranın hədələri və üçüncü qüvvə ilə bağlı açıqlaması hər hansı rəsmi istinada sahib deyil, lakin rəsmi hədə olsa belə, bu cür qlobal layihənin realizasiyasına əngəl ola bilməz”.
Turan Rzayev
Globalinfo.az