Tarixi qərar ərəfəsi: Ukraynadakı savaş belə adlandırılacaq

“ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib ki, Rusiya yaxın vaxtlarda Luqansk istiqamətində yeni hücuma keçəcək. Qeyd olunub ki, həm Qərb, həm Ukrayna, həm də Rusiya mənbələrinin proqnozları bu fikri təsdiqləyir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov qeyd edib.

O xatırladıb ki, bundan əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu və Britaniya kəşfiyyatı yaxın vaxtlarda Rusiyada səfərbərliyin ikinci dalğasının elan olunacağını açıqlamışdı:

“Bu iki məqam bir-birini tamamlayır. Nəzərə almaq lazımdır ki, Qərb dövlətləri, o cümlədən Britaniya, Polşa, Almaniya qarşıdakı aylarda Ukraynaya ağır və müasir tanklar verəcəklər. Həmin texnikaların tədarükü təxminən fevralın sonu, martın əvvəlinə planlaşdırılır. Tanklar Ukraynaya təhvil veriləndən sonra döyüş meydanında Kiyevin xeyrinə əhəmiyyətli dəyişiklik yarana bilər”.

Siyahi şərhçi qeyd edib ki, fevralın 24-də müharibənin ildönümü ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin xalqa müraciət edəcəyi gözlənilir:

“Əlbəttə, o, vətəndaşlarına hansısa xoş xəbərlər verməlidir. Bunun üçün isə həmin vaxtadək döyüş meydanında üstünlük əldə olunmalıdır.

Ehtimal ki, indiyədək “xüsusi əməliyyat” kimi təqdim olunan döyüşlər, nəhayət, “müharibə” adlandırılacaq. Bununla da Kreml vəziyyətin ciddi olduğuna dair daxili auditoriyaya mesaj verə və potensial səfərbərliyi təşviq edə bilər. Bütün hallarda bu ay Rusiya daxilində və müharibə meydanında ciddi hadisələrin baş verəcəyi gözlənilir”.

Gülnar Səlimova
Globalinfo.az