Tanınmış jurnalist “Qarabağ” rəhbərliyini tənqid etdi

“Dünən “Qarabağ” Futbol Klubu rəhbərliyinin media nümayəndələri ilə qeyri-rəsmi formatda görüşü keçirildi. Klubun prezidenti Tahir Gözəl bir neçə ildir bu ənənəni davam etdirir və adətən belə görüşlərdə jurnalistlərin “Qarabağ”la bağlı təklifləri, əgər varsa, tənqidləri dinlənilir. Mən çıxışımda “Qarabağ” klubu ilə bağlı media və azarkeşləri narahat edən bir məsələnin üzərində dayandım. Bu, əsas komandadan fərqli olaraq, klubun aşağı yaş qruplarında illərdir davam edən problemlərlə bağlı idi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri əməkdar jurnalist, Qol.az saytının baş redaktoru Aydın Bağırov deyib.

Onun fikrincə yüksək maddi imkanlara malik “Qarabağ” kimi Avropa səviyyəli bir klubun hələ də uşaq futbol akademiyasının olmaması onun bir klub kimi imicini zədələyən, orada gələcəkdə güclü yerli futbolçularımızın yetişməsinin qarşısını alan üzücü faktdır:

“Müsbət haldır ki, Tahir Gözəl problemin olduğunu qəbul etməklə yanaşı, bundan sonra klubdakı əsas fəaliyyətini məhz akademiyanın tikintisinə yönəldəcəyini dedi. O, bir narahatlığını da ifadə etdi ki, müraciətlərə baxmayaraq, hələ də akademiyanın tikintisi üçün kluba torpaq sahəsi ayrılmayıb.

Ümumən bu tip müzakirələr digər klub, AFFA, idman federasiyalarının rəhbərliyi səviyyəsində də olmalıdır. Və yaxşı olardı ki, belə formatda görüşlər təkcə jurnalistlərlə deyil, mütəxəssislərlə də ayrılıqda keçirilsin. Çünki bir sahədə inkişafa həm də əks fikirləri dinləməklə, sağlam tənqidləri eşitməklə nail olunur”.

Globalinfo.az