WhatsApp Image 2024 05 12 at 12.42.04

Xəbər verdiyimiz kimi, işğaldan azad olunmuş ərazilərdə daşların, qayaların və digər səthlərin üzərinə müxtəlif yazıların, o cümlədən şəhid adlarının yazılması ilə bağlı görüntülər yayılıb. Xüsusilə tarixi və mədəni əhəmiyyət daşıyan məkanlarda bu cür halların baş verməsi ciddi narahatlıq doğurur. Belə əməllər şəhidlərin xatirəsinə hörmətsizlik olmaqla yanaşı, tarixi abidələrə, təbii səthlərə və ərazilərin ümumi görkəminə də zərər vurur.

Bundan əvvəl Nizami Kino Mərkəzinin binasında və digər yerlərdə də oxşar hallar baş verib. Həmin hadisələr vandalizm kimi qiymətləndirilib və aidiyyəti şəxslər barəsində hüquqi tədbirlər görülüb. Avropa ölkələrinin təcrübəsi də göstərir ki, nəzarətsiz qraffiti şəhər mühitinin görünüşünə ciddi zərər vurmaqla yanaşı, onların aradan qaldırılması üçün böyük maliyyə vəsaiti tələb edir.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Ramin Şirinov Globalinfo.az-a deyib ki, tarixi yerlərə ad və ya başqa nəsə yazmaq yolverilməzdir:

“Görünür, bunu edənlər hələ müharibənin, şəhidin nə olduğunu dərk etmirlər. Onlar düşünməlidirlər ki, bu ərazilər uğrunda istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində Azərbaycan xalqının övladları qan töküb, can verib, həyatını itirib. Ona görə də Qarabağda bunu hər zaman hiss etdirmək, həmin torpaqların azərbaycanlıların qanı və canı hesabına qorunduğunu göstərmək lazımdır. O torpaqlar qana bulanıb, orada ad yazmaq əvəzinə, ziyarət edib, gül qoymaq lazımdır. O dağların hər otuna, hər çiçəyinə su tökmək lazımdır. Biz orada bizdən öncə vuruşub şəhid olan igidlərimizin ruhunu diriltmişik. O torpaqları göz bəbəyimiz kimi qorumalıyıq. Bunu düşünən adamlar o daşlara ziyan vurmaz. O qayalarda Azərbaycan əsgərinin izi var!”

WhatsApp Image 2026 09 04 at 15.43.42 1

R.Şirinov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda böyük işlər görülür:

“Qarabağda həyata keçirilən bütün layihələrdə, quruculuq işlərində və məskunlaşma prosesində Azərbaycan tarixinin, mədəniyyətinin və burada yaşamış insanların izlərinə xüsusi həssaslıqla yanaşılır. Hər bir vətəndaş, hər bir gənc bu torpaqlarla bağlı tarixi və mənəvi haqqı qorumalı, şəhidlərimizin buradakı xatirələrinə hörmət göstərilməlidir”.

Xalq rəssamı, heykəltəraş Xanlar Əhmədov da abidələrin qorunmalı olduğunu vurğulayıb:

“Əlbəttə, Şuşa kimi bir yerdə qayalıqların və ya hansısa abidələrin yazılması yaxşı hal deyil. Nəinki Şuşada, ölkəmizin heç bir regionunda buna yola vermək olmaz. Xüsusilə işğaldan azad edilmiş ərazilərin hər daşı, hər torpağı qorunmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: