Şuşadakı aksiyanın iki mühüm əhəmiyyəti

“Bir qrup azərbaycanlı fəal və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Şuşa ərazisində Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirir. Aksiya zamanı sülhməramlı qüvvələrlə etirazçılar arasında toqquşma yaranıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov Laçın yolunda azərbaycanlı ekoloqların, fəalların Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyası haqda danışarkən deyib.

“Sülhməramlıların fəaliyyət müddətinin başa çatmasına üç ildən az vaxt qalıb. Rus hərbçiləri torpaqlarımızda müvəqqəti olduqlarını unutmamalıdırlar. Bunu onlara biz xatırlatmalıyıq. Bu mənada təşkil edilən aksiyalar xüsusi əhəmiyyətlidir.

İkincisi, sülhməramlıların fəaliyyəti ilə bağlı xeyli pozuntular var. Biz bu barədə mövqeyimizi dəfələrlə çatdırmışıq, lakin Rusiya dediklərimizi qulaqardına vurur”.

Ekspertin sözlərinə görə, Azərbaycan bu məsələyə etinasız yanaşa bilməzdi:

“Şuşadakı aksiyalar həm də Bakının Rusiya Müdafiə Nazirliyinin, o cümlədən sülhməramlıların özbaşınalıqlarına reaksiyası kimi qiymətləndirilməlidir. Kreml başa düşməlidir ki, Azərbaycan bu cür təxribatlara sonsuzadək dözümlü yanaşmayacaq.

Düşünürəm ki, bu cür etiraz aksiyaları həm də Qarabağdakı ermənilərə mesajdır. Onlar harada, kimin torpaqlarında olduqlarını unutmamalıdırlar. Nəticə etibarilə bu cür addımlar müntəzəm olaraq həyata keçirilməlidir”.

Turan Rzayev
Globalinfo.az