Şuşadakı aksiya nəticə verməsə, bu addım atılacaq – Politoloq

“Azərbaycan Laçın dəhlizini yumşaq güc vasitəsilə növbəti dəfə bağladı. Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və Rusiya sülhməramlı qüvvələrinin buna şərait yaratması Bakını məlum addımları atmağa sövq etdi. Bu, Ermənistan və Rusiyaya növbəti mesajdır. Bu mesajdan nəticə çıxarılmasa, bu dəfə Azərbaycan Əsgəri yolu bağlayacaq”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyası (MCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Onun sözlərinə görə, rəsmi Bakı sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı Rusiyaya nota təqdim edib. Moskva notadan nəticə çıxarmır və separatçıların qorunmasını həyata keçirməkdədir:

“Rusiyanın əsas məqsədi Qarabağda mövqelərini möhkəmləndirmək və regiona üçüncü ölkələri buraxmamaq, strateji cəhətdən Azərbaycana təzyiq etməkdir. Ona görə də Qarabağda Rusiyanın möhkəmlənməsinə imkan verməməliyik. Azərbaycanla Rusiya arasında bu məsələdə ciddi siyasi böhran yaşanacaq. Sonda Rusiyanın Azərbaycanın tələbləri ilə barışması gözlənilir.

Azərbaycan ermənilərin reinteqrasiyasında və Xankəndidə suverenliyin bərpasında qərarlıdır. Hazırda bunun qarşısını alan Rusiyadır. Məhz Rusiya son aylarda separatçıların silahlandırılmasında, İrandan hərbi təlimatçıların Xankəndiyə gətirilməsində mühüm rol oynayır”.

Politoloqun fikrincə, Azərbaycan Laçın dəhlizində gömrük postunun qurulması və silahlı erməni birləşmələrinin çıxarılmasını növbəti aylarda reallaşdıra bilər:

“Bu prosesdə ABŞ və Avropa İttifaqı Azərbaycana siyasi dəstək verir. Çünki Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında əsas baryer Moskvanın siyasətidir.

Bakı ilə Vaşinqton arasında siyasi təmaslar fonunda münasibətlər yüksək səviyyədə qurulub və Xankəndi məsələsində Vaşinqtonun hər hansı bir mənfi münasibət göstərməsi gözlənilmir”.

Gülnar Səlimova
Globalinfo.az