Şuşada aksiya: hadisə yerindən son məlumatlar – Açıqlama

“Hazırda Azərbaycanın vətəndaş cəmiyyəti və QHT rəhbərləri Laçın dəhlizində aksiya keçirir. Etiraz aksiyası Qarabağ iqtisadi zonasında Azərbaycanın yeraltı sərvətlərinin, qızıl yataqlarının sülhməramlıların nəzarətindəki ərazidə qanunsuz istismar olunması, mənimsənilməsi və talanması ilə bağlıdır”.

Bu sözləri tanınmış hüquqşünas Səməd Vəkilov Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirilən aksiya ilə bağlı Globalinfo.az-a açıqlamasında deyib.

“Hazırda vətəndaş cəmiyyətinin fəalları burada çadır qurub. Sülhməramlıların komandanının bütün bu qanunsuzluqlara cavab verməsi üçün bura gəlməsi tələb edilir. Onlar burada mandatlarına aid olmayan fəaliyyətlə məşğuldurlar. Sülhməramlı kontingentdən Azərbaycanın suverenliyinə hörmətlə yanaşması tələb olunur. Bu tələblər yerinə yetirilməyincə, Volkov gəlməyincə vətəndaş cəmiyyəti institutunun fəallarının buradan çəkilmək fikri yoxdur”.

S.Vəkilovun sözlərinə görə, hazırda Xankəndiyə gedən yol bağlıdır və hərəkət dayanıb, amma rus sülhməramlıları əraziyə əlavə qüvvə yerləşdirirlər.

Hadisələrin sonrakı gedişi haqqında məlumat veriləcək.

Gülnar Səlimova
Globalinfo.az