Suriyada quru əməliyyatı buna görə keçiriləcək – Türk generaldan AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada ən münasib vaxtda yerüstü antiterror əməliyyatına başladılacağının anonsunu verib. O, Suriya və İraqın şimalında hava əməliyyatlarının fasiləsiz davam etdiyini də qeyd edib.

“Təyyarə, artilleriya və PUA-larla həyata keçirdiyimiz əməliyyatlar yalnız başlanğıcdır. Hataydan Hakkariyə qədər bütün cənub sərhədlərimizi hücumlara qarşı təhlükəsizlik zolağı ilə bağlamaq əzmimiz hər zamankından daha güclüdür”, – deyə Prezident bildirib.

Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz mövzunu Globalinfo.az-a şərh edərkən bildirib ki, Suriya və İraqda 2016-cı ildən etibarən əməliyyatlar keçirilir:

“İraqda “Pəncə” əməliyyatları keçirildi və hazırda da Zap bölgəsində “Pəncə-Kilit” əməliyyatı icra edilir. “Pəncə” əməliyyatları nəticəsində İraq sərhədi boyu 350 km-lik məsafədə və 30 km dərinlikdə qüvvələr yerləşdirildi.

Suriyada isə dörd böyük əməliyyat keçirildi. Bunlar “Fırat qalxanı”, “Barış pınarı” və bu bölgələrin arasında qalan ərazilər başda olmaqla Ayn əl-Ərəb (Kobani) bölgəsidir. 2019-cu ildə Rusiya və ABŞ ilə ayrı-ayrılıqda müqavilə imzalanmasına baxmayaraq onlar verdikləri vədi yerinə yetirmədilər və terrorçuları M4 avtomobil yolunun cənubuna doğru geri çəkmədilər. Bundan sonra Türkiyə Silahlı Qüvvələri 1000 km-ə yaxın enində 200 km dərinlikdə “Pəncə-Qılınc” əməliyyatını həyata keçirdi, terror yuvaları məhv edildi”.

Y.Karauz qeyd edib ki, təkcə bu kifayət etmir, çünki bu bölgədə hava əməliyyatları aparıldıqdan sonra dərinlikdəki terror yuvalarından xilas olan terrorçular burada yenidən yerləşə bilər:

“İraqda olduğu kimi bu bölgənin sərhəd xəttində 30 km-ə yaxın dərinlikdə quru ərazilərə nəzarəti ələ almaq, başqa sözlə, quru əməliyyatları həyata keçirmək lazımdır.

Suriya ilə 800 km-lik sərhədi olan Türkiyə təqribən 400-450 km-ə yaxın hissəsində təhlükəsizliyin təmin edilməsinə baxmayaraq, nəzarət edilə bilməyən bölgələrdə də “Pəncə-Qılınc” əməliyatının keçirildiyi ərazilər daxil olmaqla quru əməliyyatı həyata keçiriləcək. Cumhurbaşqanı R.T.Ərdoğan da bunu vurğulamışdı. Çünki süngünüzün dəymədiyi, əsgərinizin çəkməsinin dəymədiyi və mövcudluğunuzu fiziki olaraq atəşlə, əsgərlə, silahlı qüvvələrlə təmin etmədiyiniz halda göstərdiyiniz fəaliyyətlər müvəqqəti xarakter daşıyır. Bu məqsədlə önümüzdəki dönəmdə müəyyənləşən strateji prioritetlərə əsasən quru əməliyyatları həyata keçiriləcək”.

Gülnar Səlimova,
Globalinfo.az