Sona kimi vuruşdu, bayrağı vermədi, 22 azərbaycanlını xilas etdi – Naməlum tale

Birinci Qarabağ Savaşının iştirakçısı Natiq Qasımovun əsrlikdə ağır işgəncələrlə öldürülməsi məsələsi yenidən gündəmə gəlib. Əslində, əsir götürüldükdən sonra onun taleyindən heç bir xəbər yoxdur. Amma bəzi mənbələr bildirir ki, Natiq işgəncə verilərək öldürülüb. Onun əsir götürülməsində, sonradan öldürülməsində iştirak etmiş hərbi cani Vitali Balasanyanın həbsi çox şeyin üstünü aça bilər. Bu şəxsin həbsindən sonra N.Qasımovun və digər əsirlərin taleyi barədə məlumat əldə etmək mümkün olacaq.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Qarabağ Qaziləri İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu deyib ki, Vitali Balasanyanın həbsi Azərbaycan hüquq mühafizə orqanlarının bəzi ermənilərə qarşı açdığı cinayət işinin yekunlaşmasına gətirib çıxaracaq:

“Çünki Qarabağ müharibəsində ermənilərin bir neçə tanınmış komandirləri olub ki, onlardan biri də Balasanyandır. Bunlar birbaşa döyüş əməliyyatı hazırlayıb, azərbaycanlılara qarşı döyüşdə iştirak ediblər. Hətta V.Balasanyan müsahibələrinin birində deyir ki, “Azərbaycanın ilk şəhidləri olan Əli və Bəxtiyarı mən öldürmüşəm”. Ona görə də onun həbsi kifayət qədər qaranlıq məqamları aydınladacaq. Onun həbsi çox vacib məsələdir. Uzun illərdir Natiq və digər döyüşçülərimizin taleyindən xəbərsizik, onlar haqda heç bir məlumat ala bilmirik”.

Rey Kərimoğlu xəstəxanaya yerləşdirildi

Rey Kərimoğlu

R.Kərimoğlu Natiq Qasımova Milli Qəhrəman adı verilməsini təklif edib:

“Natiqin necə qəhrəman olduğunu bilirik. O, Qarabağda nə qədər düşməni məhv edib. Hətta 22 Xocalı sakininin xilas olunmasında şəxsən iştirak edib. Amma ona heç bir orden verilməyib. Xahiş edirik ki, Natiq Qasımova Milli Qəhrəman ordeni versinlər”.

Xocalı köçkünü, dil-ədəbiyyat müəllimi Cəfər Cəfərovun N.Qasımovla bağlı danışdıqlarını təqdim edirik:

“Bizi, yəni 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar sizi azad edəcəyik.

Məni Qriqoryan kilsəsinə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda kilsədən səs gəldi. Mən tez azərbaycanlı olmağımı dedim və onu da dedim ki, əgər o təslim olmasa 22 nəfər Xocalılını öldürəcəklər. O, bir nəfər olduğunu və beş gündür ki ac-susuz tək döyüşdüyünü bildirdi. Onun rəngi hissdən qapqara olmuşdu. Mən ermənilərin fikrini ona bildirdim. O, bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. O, razı olmadı ki, Xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi”.

Qeyd edək ki, Qasımov Natiq Səlim oğlu 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəliklə Mingəçevirə köçən Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil alıb. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıtmış, elə həmin il də könüllü olaraq cəbhəyə getmişdir.

Ağdamda Yaqub Rzayevin başçılığı altında “Qarabağ şahinləri” dəstəsində ermənilərə qarşı döyüşən Natiq, 1992-ci ilin əvvəllərində evlərinə qayıdıb.

1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi əsgərimiz alban kilsəsi yerləşən yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar, onlardan 6-sı həlak olur. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Xocalı sakinlərinin öldürülməməsi üçün isə düşmənə təslim olur. N.Qasımov 1992-ci ildə Xocalının Xramort kəndindəki kilsədən əsir alınıb.

Xatırladaq ki, 2019-cu ildə Türkiyədə azərbaycanlılar tərəfindən erməni lobbisinə qarşı informasiya mübarizəsi aparmaq məqsədi ilə yaradılan “ASASmedya”, Natiq Qasımovun sağ olması və Ermənistandakı kimya zavodların birində işlədilməsi barədə məlumat yayıb.

Zaira Akifqızı
Globalinfo.az