Xankəndidəki separatçı rejimin nümayəndələri Bakıya görüş təklifi göndəriblər. Məlumata görə, Azərbaycan nümayəndələri ilə görüş təklifi sülhməramlılar vasitəsilə göndərilib. Görüşün yenidən Xocalıda keçirilməsi və burada “təxirə salınması mümkün olmayan humanitar məsələlərin” müzakirəsi təklif edilib.
Azərbaycan tərəfi separatçı rejimin təklifini qəbul etməməlidir:
Birincisi, Azərbaycanın Prezident Administrasiyası iki dəfə Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə Bakıda görüş keçirilməsini təklif edib. Separatçıların dediyi “təxirə salınması mümkün olmayan humanitar məsələlər” varsa, bunu Bakıda da müzakirə etmək olar.
İkincisi, Xankəndidəki separatçı rejimin nümayəndələri Bakıya görüş təklifini sülhməramlılar vasitəsilə göndəriblər. Onlar təmasları sülhməramlıların vasitəsilə qurmaqla açıq şəkildə reinteqrasiya prosesini qəbul etmədiklərini və özlərini tərəf kimi göstərməyə çalışdıqlarını açıq şəkildə elan edirlər.
Üçüncüsü, separatçıların bu təklifi ucuz şoudan başqa bir şey deyil. Bununla onlar beynəlxalq ictimaiyyəti yanıltmaq, təmaslarda maraqlı olduqlarını göstərməyə çalışırlar.
Rəsmi Bakının Xankəndidəki separatçı rejimin nümayəndələrinə verəcəyi ən düzgün və adekvat cavab “görüş keçirilə bilər, lakin yenidən Xocalıda deyil, Azərbaycanın Prezident Administrasiyası təklif etdiyi kimi paytaxt Bakıda” olmalıdır.
Turan Rzayev
Globalinfo.az














