Sarkozi dedi ki, Putin səni öldürəcək: Saakaşvili hər şeyi açıb-tökdü

Saakaşvili 2008-ci ildə Sarkozinin iştirakı ilə atəşkəs razılaşması haqqında xatirələrini bölüşüb.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, həbsdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili Fransa prezidenti Nikola Sarkozinin 2008-ci ildə imzalanması üçün Tbilisiyə gətirdiyi atəşkəs sazişi üzrə danışıqların təfərrüatlarını açıqlayıb. Bu barədə “Novosti-Georgia” məlumat yayıb.

“Əgər imzalamasan, ruslar sabah Tbilisidə olacaq, Putin səni öldürməkdə qərarlıdır. Mən qoşun göndərə bilmərəm. Buş da göndərməyəcək”, – Saakaşvili Fransa prezidenti Nikola Sarkozinin 2008-ci ilin avqustunda Tbilisidə şahidlərin iştirakı ilə bu ifadəni bir neçə dəfə təkrarladığını və onu atəşkəs razılaşmasının variantını imzalamağa inandırdığını “Facebook”-da yazıb.

“Lex Kaçinski bizim üzərimizə belə bir razılaşmanın tətbiq olunduğunu biləndə görüşə qoşulmağa çalışdı, lakin Fransa tərəfi buna razılaşmadı”, – məhbus həyatı yaşayan eks-prezident əlavə edib.

Söhbət Saakaşvilinin imzalamaqdan imtina etdiyi “Cənubi Osetiya və Abxaziyanın statusu gələcəkdə beynəlxalq danışıqlar nəticəsində müəyyən edilməlidir” bəndindən gedir.

Saakaşvili yazıb ki, əgər bu bəndi imzalasa idi, bir növ öz əli ilə Gürcüstanı vermiş olacaqdı. “Sarkozi bir neçə saat məni inandırmağa çalışdı. Nəhayət, Medvedevə yenidən zəng etdi və Rusiya tərəfi bu məqamda israr etməməyə razı oldu”, – Saakaşvili fikirlərini yekunlaşdırıb.