2024-cü ilin yanvar-iyun aylarında Rusiya vətəndaşları xaricə 12,6 milyon səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin statistik məlumatında deyilir.
Rusların ən çox səfər etdiyi ölkələr arasında Türkiyə lider olub. Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyəyə rusiyalıların axını ötən illə müqayisədə 9,4 faiz artaraq 2,5 milyon təşkil edib. Qazaxıstan ruslar üçün ən populyar istiqamətlərdən biri olsa da, bu ölkəyə səfərlərin sayı il ərzində 9 faiz azalaraq 1,2 milyon nəfər təşkil edib.
Qonşu ölkələr arasında rusların Ermənistana səfəri azalıb. Belə ki, səfərlərin sayı ötən illə müqayisədə 17 faiz azalaraq 452,8 min nəfər olub. Amma Rusiya vətəndaşları bir il əvvəllə müqayisədə Gürcüstana (522,7 min) daha çox səfər ediblər . Rusların Azərbaycana səfəri isə 340 min nəfər təşkil edib.
Turist səfərlərinə gəlincə, 2024-cü ilin cəmi altı ayı ərzində ruslar turizm məqsədləri üçün xaricə 4,9 milyon səfər ediblər. Bu, bir il əvvəlkindən (4,1 milyon səfər) 20 faiz çoxdur. 2024-cü ilin birinci yarısında rusların turizm üçün ən çox səyahət etdikləri ölkələr arasında Türkiyə, BƏƏ, Misir, Tailand və Çin lider olub. İlk onluqda qonşu ölkələr də (Ermənistan, Azərbaycan, Özbəkistan və Gürcüstan) yer alıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az