Rusiya səfiri Fransa XİN-ə çağırıldı


Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov Ukraynada fransız humanitar təşkilatlarının iki əməkdaşının ölümü ilə əlaqədar Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “LeParisien” və “LeFigaro” qəzetləri yazıb.

Qeyd edək ki, fevralın 1-də Rusiya hərbçilərinin Xerson vilayətinin Berislav şəhərini atəşə tutması nəticəsində iki humanitar missiya işçisi, Fransa vətəndaşı həlak olub. Daha üç əcnəbi yaralanıb.

Ukraynanın Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin iki Fransa vətəndaşının, humanitar yardım işçisinin Rusiyanın hücumları nəticəsində həyatını itirdiyini açıqlayıb.

Fransa Prezidenti Emmanuel Makron və xarici işlər naziri Stefan Sejourne sosial media platforması hesablarından verdiyi açıqlamada hücumu pisləyiblər.

Fransanın xarici işlər naziri Stefan Sejournet Rusiyanın cinayətlərinə görə cavab verəcəyini vəd edib.

Yanvar ayında Rusiya Müdafiə Nazirliyi Xarkova endirilən zərbələrdən birində 60 fransız “muzdlu”nun öldürüldüyü barədə bəyanat vermişdi.

Fransa isə Ukraynada fransız muzdlularının olmasını inkar edib və qeyd edib ki, Fransa vətəndaşları fərdi qaydada Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşə bilər.