Azərbaycanın Tanınmış hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Səidə Qocamanlı Ruben Vardanyanın Vatslav Havel İnsan Hüquqları Mükafatına namizəd göstərilməsi ilə bağlı beynəlxalq təşkilatlara rəsmi etiraz müraciəti ünvanlayıblar.
Globalinfo.az-ın xəbərinə görə, müraciətdə qeyd olunur ki, Vatslav Havel adı dünya ictimaiyyətində azadlıq, insan ləyaqəti, demokratiya və humanizm prinsiplərinin simvolu kimi qəbul edilir. Bu səbəbdən həmin mükafata təqdim olunan şəxslərin fəaliyyəti yalnız fərdi imic və siyasi təqdimatlar üzərindən deyil, onların iştirak etdiyi proseslərin yaratdığı hüquqi, humanitar və təhlükəsizlik nəticələri prizmasından da qiymətləndirilməlidir.
Hüquq müdafiəçiləri bildiriblər ki, Ruben Vardanyanın adı uzun illər regionda separatizm, qeyri-qanuni silahlı fəaliyyətlər, terror təhlükəsi və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində qanunsuz strukturların maliyyə-siyasi dəstəklənməsi ilə bağlı müzakirələrdə hallanıb. Onların fikrincə, belə bir şəxsin insan hüquqları sahəsində nüfuzlu beynəlxalq mükafata namizəd göstərilməsi müharibə və terrorun qurbanı olmuş insanların hüquq və ədalət hissinə ağır zərbədir.
Müraciətdə xüsusilə vurğulanır ki, terrorizm və separatizm nəticəsində minlərlə insan həyatını itirib, yüz minlərlə azərbaycanlı doğma yurdlarından didərgin düşüb, fundamental insan hüquqları kobud şəkildə pozulub. Bu baxımdan, terror və qanunsuz separatizmlə assosiasiya olunan şəxslərin “humanizm” və “insan hüquqları müdafiəçisi” kimi təqdim edilməsi beynəlxalq hüququn mahiyyətinə və qlobal ədalət prinsiplərinə ziddir.
Hüquq müdafiəçiləri beynəlxalq təşkilatları regionda baş vermiş humanitar faciələrə həssas yanaşmağa, terror və separatizmdən zərər çəkmiş insanların səsini eşitməyə və belə məsələlərdə ikili standartlardan uzaq durmağa çağırıblar.
Sənəddə qeyd olunur ki, insan hüquqları anlayışı siyasi manipulyasiya predmetinə çevrilməməli, əksinə terror, zorakılıq və separatizmdən əziyyət çəkmiş insanların hüquqlarının müdafiəsinə xidmət etməlidir.
Müraciətin sonunda Vatslav Havel İnsan Hüquqları Mükafatının nüfuzunun və mənəvi dəyərlərinin qorunması naminə Ruben Vardanyanın namizədliyinə obyektiv və şəffaf baxılması çağırışı edilib.