Əvvəllər Bakıda yay mövsümü gələn kimi şəhərin ritmi dəyişirdi. Məktəblərin bağlanması, universitetlərdə tədrisin başa çatmasına görə minlərlə ailə rayonlara, istirahətə yollanır, nəticədə küçələrdə, ictimai nəqliyyatda sıxlıq azalırdı.
Son illər paytaxt sakinlərinin müşahidələrinə görə, yay aylarında belə şəhərdə əvvəlki sakitlik hiss olunmur. Metro və avtobuslar yenə də dolu olur, yollarda tıxaclar azalmaq bilmir.
Bakıda yay aylarında əhali sıxlığının əvvəlki illərlə müqayisədə yüksək qalmasının səbəbi nədir?
Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov deyib ki, paytaxt əhalisinin sayı rəsmi qaydada göstərildiyindən çoxdur:
“Paytaxtın rəsmi qeydiyyatda olan əhalisi təxminən 2,3 milyon nəfər göstərilsə də, faktiki əhali sayının 3-4 milyona yaxın olduğu ehtimal edilir. Sualınızın cavabı birbaşa məşğulluqla bağlıdır. Əvvəllər də regionlardan Bakıya axının əsas səbəbi iş imkanları idi. Lakin hazırda buna təsir edən başqa amillər də var. Əsas səbəblərdən biri kəndlərdə məşğulluğun azalmasıdır. Bir çox kənd sakini pay torpaqlarını iri təsərrüfat sahiblərinə satıb. Nəticədə həmin ərazilərdə işləmək və gəlir əldə etmək imkanları xeyli məhdudlaşıb, mövsümi məşğulluq isə tənəzzül edib”.
Elçin Qurbanov
İqtisadçının sözlərinə görə, digər mühüm amil son illərdə taksi sektorunun sürətlə inkişaf etməsidir:
“Taksi fəaliyyəti demək olar ki, ildırım sürəti ilə genişlənib. 2025-ci ilin statistikasına görə, Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 113 min 840 taksi avtomobili fəaliyyət göstərir. Qeyd edim ki, 34 min 14 taksi buraxılış kartı yalnız Bakıya aiddir. Son illərdə on minlərlə yeni avtomobil də bu sahədə fəaliyyət göstərmək üçün qeydiyyata alınıb. Eyni zamanda, ölkəyə ilbəil gətirilən elektromobillərin böyük hissəsinin də taksi fəaliyyətində istifadə olunması və onların əsasən paytaxtda cəmləşməsi Bakıya miqrasiyanı artıran amillərdən biri kimi qiymətləndirilə bilər”.
E.Qurbanov deyib ki, Bakıda təhsil alan tələbələrin böyük hissəsi maddi ehtiyaclarını ödəmək üçün xidmət sektorunda çalışır:
“Onlar əsasən Bakıda ofisiant və ya taksi sürücüsü kimi fəaliyyət göstərirlər. Məhz bu səbəbdən yay tətili dövründə bir çox tələbə paytaxtda qalıb işləməyə üstünlük verir”.
Zaira Akifqızı
Globalinfo.az