Qızılcadan ölən azyaşlı peyvənd olunmayıbmış – YENİLƏNİB

Kürdəmir Rayonu Qağacılı kənd sakini 14.10.2019-cu il təvəllüdlü Qəribli Rüfət Roman oğlu oktyabr-noyabr aylarında müxtəlif şikayətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edərək müvafiq müayinələrdən keçirilib, tibbi xidmət alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 18.11.2023-cü il tarixində yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu ilə Yoluxucu xəstəliklər şöbəsinin həkim infeksionistinin qəbulunda olub, müayinələrdən keçib və fəsadlaşma olmadığı üçün simptomatik müalicə təyin edilərək 3 gün sonra təkrar müayinəyə dəvət olunub.

21.11.2023-cü il tarixində ağırlaşması olmayan qızılca diaqnozu ilə təkrar müraciət edib, həkim məsləhəti alıb.

23.11.2023-cü tarixdə saat 09:10-da xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib və xəstəxanayaqədər ölüm təyin edilib.
Meyit patoloji anatomik təşrihə verilib.

Anamnezində qızılcaya qarşı peyvənd olunmadığı qeyd olunub.

***10:58

Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya aparılan uşaq ölüb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Xeyli vaxtdır qızılcaya yoluxan və hərarəti düşməyən rayonun Qağacılı kənd sakini, 2019-cu il təvəllüdlü Rüfət Qəribli xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Bildirilib ki, R.Qəriblinin valideynləri son günlər bir neçə dəfə onu xəstəxanaya aparıblar və ev şəraitində müalicə olunub.

Hazırda Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qızılcaya yoluxmuş 9 uşağın stasionar şəraitdə müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.