Qərb Ermənistanda son döyüşə hazırlaşır: müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar

ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayen və Dövlət katibinin birinci müavini Riçard Vermanın bir neçə gün ara ilə İrəvana səfər etmələri müzakirələrə səbəb olub. Məsələni aktual edən bu səfərlərin Ermənistanda siyasi gərgin vaxta təsadüf etməsidir. Keşiş Baqrat Qalstyanın başçılığı ilə may ayından start götürən etirazlar davam edir. 

Etirazların ən pik vaxtında iki amerikalı rəsminin İrəvanda olmaları ciddi suallar yaradır.

 Bu, nəyin təlaşıdır? Yaxud hansı planın hazırlığıdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, ABŞ Dövlət katibinin müavini Ceyms Obrayenin bir müddət əvvəl İrəvana etdiyi səfər çərçivəsində ABŞ-Ermənistan əlaqələrinin strateji tərəfdaşlığa yüksəldiyi barədə yekun sənəd imzalandı:

“Obrayenin ardınca, ABŞ Dövlət katibinin birinci müavini Riçard Verma da İrəvana səfər etdi. 17-19 iyun tarixlərində baş tutan görüş çərçivəsində o, Ermənistan-ABŞ konfransında iştirak edəcək. Bu konfrans yerli özünü idarəetmə sayəsində demokratikləşmə mövzusunda olacaq. Verma özü ilə böyük nümayəndə heyəti gətirib. Onu Dövlət Departamentinin yeni yaradılmış submilli diplomatiya komandasına rəhbərlik edən Nina Xaçiqyan və kommersiya və biznes məsələləri üzrə xüsusi nümayəndə Sara Morgenthau müşayiət edəcək. Ermənistan-ABŞ forumu ayın 17-sində açıldı. Burada Ermənistan prezidenti Vaaqn Xaçaturyan və ABŞ Dövlət katibinin birinci müavini Riçard Verma çıxış etdilər. Görüş çərçivəsində müzakirə olunan mövzular içərisində ABŞ-ın hər sahədə Ermənistana dəstək verəcəyi də yer alıb”.

Politoloqun sözlərinə görə, iyunun 18-də konfrans iştirakçıları Gümrüdə yerli özünü idarəetmələrlə görüşlər keçirəcək:

“Bütün bunların fonunda Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində həmkarı Sebastyan Lekornu ilə görüşüb. Hərbi əməkdaşlıq haqqında saziş imzalayıblar. CAESAR haubitsalarının alınması ilə bağlı razılıq əldə edilib. Ermənistan Rusiya təsirindən çıxmaq üçün bütün cəhdlərini edir. Məhz bu səbəbdən ABŞ və Qərbin nümayəndələri tez-tez Ermənistanda olurlar. O cümlədən Ermənistan rəsmiləri də Birləşmiş Ştatlar və Avropaya səfərlər edir, hərbi müttəfiqlik, təhlükəsizlik haqqında sazişlər imzalayırlar. Bütün bunlar ondan xəbər verir ki, yaxın zamanlarda ABŞ və Qərbin Ermənistanda Rusiyaya qarşı son döyüşü baş verəcək. Bu haqda Kreml rəsmiləri fikirlər səsləndirməyə başlayıblar. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, ABŞ-ın bu qəbildən hərəkətləri Rusiyanı Cənubi Qafqazdan və Ermənistandan sıxışdırıb çıxarılmasına və İrəvanı yeni müharibə poliqonuna çevirməyə hesablanıb”.

Safura Bənnayeva
Globalinfo.az