Bir müddət əvvəl Xankəndiyə köçən rusiyalı milyarder Ruben Vardanyan özünün aktiv media təbliğatına başlayıb. Ermənistan mətbuatı ilə sıx əməkdaşlığını artıran erməni milyarder Rusiya istiqamətində də aktivliyini saxlayıb. Bununla onun özünün Ermənistan daxilində təbliğat kampaniyası apardığı iddia olunur.
R.Vardanyanın apardığı kampaniyaya Rusiyanın da dəstək verdiyi məlumdur. Bundan başqa, Vardanyanın Kremlin yeni layihəsi olduğuna dair iddialar səsləndirilir.
Maraqlıdır, Rusiyanın “Ruben Vardanyan layihəsi”ndə məqsədi nədir?
Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən siyasi şərhçi Tural İsmayılov deyib ki, rəsmi Moskva Ruben Vardanyan vasitəsilə həm Qarabağda, həm də Ermənistanda bir neçə hədəfinə nail olmağa çalışır:
“Əvvəlcə onu qeyd edim ki, separatçıların “lideri” Arayik Arutyunyan Ermənistan Baş naziri Nikol Paşinyanın komandasına yaxın adam hesab edilir. Bu mənada Rusiya hərbi-siyasi elitasında A.Arutyunyanın sonrakı siyasi gedişləri barədə dəqiq təsəvvür yoxdur. Arutyunyanın Ermənistan siyasi dairələrində də dayaqları mövcuddur.
Ümumiyyətlə, Rusiya Arayik Arutyunyan, David Babayan kimi şəxslərə güvənmir. Bunun digər səbəbi də Nikol Paşinyanın hər vəchlə Qərbə inteqrasiya etmək istəməsi və Sorosa canla-başla xidmət etməsidir”.
Şərhçinin sözlərinə görə, Rusiya Ruben Vardanyan kartından hələ çox aktiv şəkildə istifadə edəcək:
“N.Paşinyan Fransa vasitəsilə Qərbin dayaqlarını Qarabağda möhkəmləndirmək istəyir. Qərbin separatçılar üzərində təsirinin artmasını bloklamaq üçün Rusiya Vardanyanın reputasiyasını daim yüksək saxlamağa çalışır.
R.Vardanyan hələlik Arayik Arutyunyanın yerinə təyin edilə bilməz. Çünki bu həm Qarabağda, həm də Ermənistanda Rusiya əleyhinə ciddi narazılıq yarada bilər. Rusiya Vardanyanı Nikol Paşinyana alternativ olaraq hazırlayır. Çünki ənənəvi erməni müxalifəti əvvəlki gücə və daxili auditoriyaya, təsir imkanlarına sahib deyil. Bu mənada Vardanyan yeni sima kimi erməni ictimaiyyətinə yavaş-yavaş təqdim edilir”.
Turan Rzayev
Globalinfo.az