Putinin şok Ermənistan planı: Gümrüdəki 102-ci bazada işğal hazırlıqları

Rusiya ilə Ermənistan arasında münasibətlər günbəgün pisləşir. Vəziyyət elə bir həddə gəlib ki, rəsmi Moskvanın Ermənistanı işğala hazırlaşdığı haqda iddialar səsləndirilir. Qarabağdan çıxarılan sülhməramlıların Gümrüdəki 102 bazaya köçürülməsində Ermənistan təlaş yaradıb. Ermənilər iddia edirlər ki, Rusiya Ermənistanı işğal etməyə hazırlaşır.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, Rusiyanın Ermənistanı işğala hazırlaşdığı haqda iddiaların həqiqət payı var:

“Bu versiya mümkündür. Çünki Rusiya son günlər Ermənistana açıq şəkildə xəbərdarlıq edir. Məsələ ondadır ki, Ermənistan Rusiya ilə əlaqələrini qırıb, Qərbə inteqrasiya etməkdə israrlıdır. Baş nazir Nikol Paşinyanın Kremlin xəbərdarlıqlarına məhəl qoymayıb Fransa və Qərbdən hərbi yardım tələb etməsi, ABŞ ilə ortaq hərbi təlimlərin keçirməsi Kremlin səbir kasasını daşırır.

Paşinyanın Rusiya hərbçilərinin yerləşdiyi 102-ci hərbi bazanı tərk etməsini tələb etməsi iki ölkə arasında münasibətləri pik həddə çatdırdı. Rusiya faktiki olaraq real addımlar atmağa hazırlaşır. Misal üçün, Rusiya tərəfi 102-ci hərbi bazadan çıxmayacaqlarını açıq şəkildə bildirib. Bundan başqa Kreml Paşinyan hakimiyyətinin münasibətləri poza bilməyəcəyini deyir.

Göründüyü kimi, Rusiya Paşinyan hakimiyyətini leqal saymır və müvəqqəti hesab edir. Yəni bir növ bununla edəcəyini indidən leqallaşdırmağa çalışır”.

Ekspert deyib ki, Rusiyanın Mehridə keçirdiyi hərbi təlimlər Ermənistan hakimiyyətinə son xəbərdarlıq idi:

“Bu təlimlər ilə Rusiya Ermənistandakı hərbi varlığını bir daha göstərdi. Bu, edə biləcəklərinin təlimi idi. Bundan sonrakı addım isə real addımlar olacaq və Paşinyan hakimiyyətdən yola salına bilər. Rusiya bu məqsədlə Qarabağdan Ermənistana köçən separatçı hərbçilərdən də istifadə etmək istəyir. Beləcə hakimiyyətə özünə sadiq qüvvə gətirə biləcəyini düşünür”.

Turan Rzayev
Globalinfo.az