Putinin Polşanı hədələməsinin səbəbi aydınlaşır – Stalindən qalan yarımçıq iş…

“Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının son toplantısında Ukrayna ilə yanaşı Polşanın əleyhinə də fikirlər söyləyib. Putin Polşanın Ukrayna ərazisini işğal etməyi planlaşdırdığını iddia edib: “Polşa liderləri NATO çətiri altında hansısa koalisiya yaratmağı və Ukraynadakı münaqişəyə birbaşa müdaxilə etməyi, daha sonra özlərinə daha yağlı bir parça qoparmağı, Qərbi Ukraynanı geri qaytarmağı gözləyirlər”. Putinin iddiasına görə, Polşa Ukraynanın bir hissəsi ilə yanaşı guya Belarus ərazisinə də iddialıdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Putin Polşanın əleyhinə başqa iddia da səsləndirib:

“Kreml sahibi deyib ki, indiki Polşanın qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir. “Varşavadakı dostlarımız bunu unudublarmı” sualını səsləndirən Putin “bunu onlara xatırladacağıq” deməklə Polşanı hədələyib.

Rusiya prezidentinin fikrincə, Polşa qoşunları Lvova və ya Ukraynanın başqa ərazisinə daxil olsa, həmişəlik orada qalacaqlar. Rusiyanın xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin prezidentinə dəstək verərək, Polşanın Qərbi Ukraynaya nəzarəti ələ keçirməyə hazırlaşdığını vurğulayıb.

Rusiya prezidenti tarixi həmişəki kimi özünə uyğun şəkildə “şərh” etməyə çalışır. Vaxtilə Polşa Rusiya imperiyasının tərkib hissəsi olub, Birinci Dünya müharibəsindən sonra müstəqilliyini qazanıb. Lenin və digər bolşeviklər Rusiyada çevriliş edib hakimiyyəti ələ aldıqdan sonra imperiyanın sərhədlərini başqa formada bərpa etməyə qarşılarına məqsəd qoydular. Lenin və ətrafı keçmiş Rusiya imperiyasına daxil olan ərazilərin bir qismini geri qaytararaq yeni imperiyanı SSRİ adı ilə bərpa etdilər. Ancaq bolşeviklər Rusiya imperiyasına daxil olan Polşa və Finlyandiyanı geri qaytara bilmədilər. Bolşeviklər Polşa ilə müharibə etdilər. Diktator Stalinin dövründə isə Finlyandiya ilə müharibə apardılar və hər ikisi də ağır zərbələr aldılar”.

Elxan Şahinoğlu 

Ekspertin sözlərinə görə, Lenindən sonra bolşevik imerpiyasının başına keçən İosif Stalin Polşa və polşalılardan “intiqamını” qəddarcasına aldı:

“Stalin 1939-cu ildə Hitler Almaniyası ilə “hücum etməmək” barədə saziş imzaladı. Hitler SSRİ-yə hücum etməyi planlaşdırırdı. Ancaq buna qədər o Polşa, Fransa və Avropanın digər ölkələrini işğal etməyi planlaşdırırdı ki, Moskva bu mərhələyə qədər ona mane olmasın. SSRİ və Almaniya xarici işlər nazirləri Molotovla Ribbentropun imzaladıqları sazişin gizli hissəsi də var idi. Sənədin bu gizli hissəsinin bəndlərindən biri Polşanın bölüşdürülməsi idi.

Almaniya Polşanın qərbini, SSRİ isə şərqini işğal etməli idi. Belə də oldu. Hitler Almaniyası 1 sentyabr 1939-cu ildə Polşaya qarşı işğalçı müharibəyə başladı, SSRİ qoşunları isə dərhal Polşanın şərqinə daxil oldular. SSRİ Polşanın şərqini işğal etdikdən sonra təxminən 22 minə yaxın polşalı zabit əsir götürüldü. Stalinin əmri ilə həmin zabitlər 1940-cı ildə Katın meşəsində vəhşicəsinə qətlə yetirildilər (Kreml uzun illər bu faktı danmağa çalışırdı, yalnız SSRİ-də yenidənqurma illərində qətliamla bağlı etiraf edildi). Bu, Stalinin Polşaya qarşı sonuncu cəzası deyildi. İkinci Dünya müharibəsinin bitişinə bir il qalmış, 1944-cü ildə polşalılar işğal altındakı Varşavada nasistlərə qarşı qiyam qaldırdılar.

Alman ordusu qiyamı yatırmaqda çətinlik çəkirdi. SSRİ ordusu Varşavanın yaxınlığında idi. Qiyamçılar Sovet ordusunun komandanlığına müraciət edərək şəhərə daxil olmalarını və nasistlərlə birgə mübarizəyə başlamasını gözləyirdilər. Ancaq Stalinin əmri ilə ordu yerindən tərpənmədi. Stalin nasistlərlə polşalıların bir-birlərini daha çox qırmalarını istəyirdi. Nasistlər qiyamı yatırtdılar və ələ keçirdikləri qiyamçıları və onlara dəstək verənlərin tamamını qətlə yetirdilər. SSRİ ordusu qiyam yatırıldıqdan bir müddət sonra Varşavaya daxil oldu.

E.Şahinoğlu deyib ki, Polşanın yenidən bərpa olunması və itirdiyi torpaqların geri qaytarılması Stalinin arzusu deyildi:

“Diktator cəzalandırdığı ölkəni və xalqı niyə “mükafatlandırmalı” idi ki? Məsələ burasındadır ki, İkinci Dünya müharibəsi dövründə SSRİ, ABŞ və Böyük Britaniyadan ibarət ittifaq yaranmışdı. Polşanın ərazilərinin yenidən geri qaytarılmasını əsas dəstəkləyən dövlət Böyük Britaniya idi. Ona görə də Putinin “Stalin Polşaya torpaq hədiyyə etdi” iddiasının əsası yoxdur. Stalin sadəcə, Polşada demokratik seçkiyə imkan vermədi və müharibədən sonra bu ölkədə özü kimi komministlərin hakimiyyəti ələ keçirməsinə şərait yaratdı. Bu durum 1980-ci illərin ortalarına qədər davam etdi.

Putinin “Polşa Ukrayna və Belarusun ərazisinin bir hissəsini işğal etmək istəyir” iddiası isə ümumiyyətlə gülünc səslənir. Kreml sahibi Rusiya ilə Polşanı səhv salıb. Ukraynanın ərazisini işğal edən Rusiyadır, Ukraynaya işğaldan qurtulmağa dəstək verən əsas dövlətlərdən biri isə Polşadır.

Putinin Polşanı hədələməsinin arxasında başqa məqsəd də var. Rusiya Ukraynanı işğal edə bilsəydi, növbəti hədəf Polşa və Baltik ölkələri olacaqdı. Putin keçmiş imperiyanın bərpası xülyasıyla yaşayır. Ancaq Putin bu gün Rusiyanın onsuz da böyük olan ərazisinin “artırılması” barədə deyil, olan ərazisinin itirilməsi və gələcək mərkəzdənqaçma meylləri barədə ciddi düşünməlidir”.

Turan Rzayev
Globalinfo.az