Almaniyanın keçmiş kansleri Angela Merkel Gürcüstan və Ukraynanın NATO-ya üzv edilməsinə niyə imkan verməməsinə aydınlıq gətirib.
Globalinfo.az xəbər verir ki, özünün “Azadlıq. Xatirələr 1954-2021” memuarında bu mövqeyinin doğru olduğunu söyləyib.
Merkel yazıb ki, 2008-ci ildə Ukrayna və Gürcüstana NATO-ya Üzvlük üzrə Fəaliyyət Planının verilməsi ölkələrin bloka daxil olması ilə bağlı geridönməz öhdəlik demək olardı:
“Yeni üzvün qəbulu təkcə onun təhlükəsizliyini deyil, həm də NATO-nun təhlükəsizliyini artırmalıdır. Hesab edirdim ki, Putinin mövqeyini nəzərə almadan Ukrayna və Gürcüstana bu statusun verilməsi doğru deyil”.
Merkel qeyd edir ki, Ukrayna və Gürcüstana o zaman status verilməsə də, alyansa üzvlük prespektivlərini saxladılar. Onun sözlərinə görə, Putin hər iki ölkənin bloka qəbulunu müharibə elan kimi qəbul edərdi.
Qeyd edək ki, Gürcüstan və Ukraynaya Üzvlük Fəaliyyət Planının verilməsi 2008-ci ildə Buxarestdə ABŞ-ın o zamankı prezidenti Corc Buş tərəfindən təklif olunsa da, Angela Merkel və Fransanın o vaxtkı lideri Nikolya Sarkozi buna qarşı çıxıb. 2022-ci ildə Ukrayna müharibəsinin başlanmasından az sonra Kiyev yenidən bu plan üçün NATO-ya müraciət edib, lakin Şimali Atlantika alyansında konsensus əldə etmək mümkün olmayıb.
Əliyar Xəlil
Globalinfo.az