Putinin feyk müraciəti yayıldı – VİDEO

Bu gün Rusiyanın Rostov və Voronej vilayətlərində yerli radiostansiyaların efirində ölkə Prezidenti Vladimir Putinin müraciəti səsləndirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, səsi Vladimir Putinin səsi ilə oxşar olan bir şəxs Belqorod, Bryansk və Kursk vilayətlərində ukraynalı hərbçilərin hücumu ilə əlaqədar olaraq hərbi vəziyyətin elan edildiyini açıqlayıb. O, həmçinin Rusiyada ümumi səfərbərlik elan edilcəyini vəd edib.

Daha sonradan vilayət rəhbərlikləri yayılan məlumatların yalan olduğunu açıqlayıb və sözügedən regionlarda vəziyyətin nəzarət altında olduğu bildirilib.

Kremlin rəsmi sözçüsü Dmitri Peskov da Putinin radioda yayılan müraciətini feyk adlandırıb. Onun sözlərinə görə, mütəxəssislər artıq vəziyyəti nəzarət altına alıb və radiotezliklərə edilən hücumu aradan qaldırıblar.