Putinin Əliyevə zənginə Paşinyanla telefon danışığı kontekstində baxmaq olar. Və məsələ nə Bakı-İrəvan xəttindəki münasibətlərdə Moskvanın rol oynaması, yaxud Rusiya prezidentinin zəng diplomatiyasında balansı qoruması deyil. Rusiya hazırda Cənubi Qafqaz siyasətində taktiki manevrlər etməyə çalışır. Bunu zəng trafikində də görmək mümkündür.
Moskva-İrəvan xəttində telefon danışığı Paşinyanın təşəbbüsü ilə baş tutub. Erməni baş nazir Putindən Ermənistan mallarının ixracına qoyulan məhdudiyyətləri götürməyi istəyib, ikinci isə İrəvandan Avropa İttifaqı-Avrasiya İqtisadi Birliyi arasında seçimi tezləşdirməyi tələb edib. Telefon danışığından iki nəticə çıxır:
Birincisi, Moskva və İrəvanın münasibətlərlə bağlı gündəliyi tamamilə fərqlidir;
İkincisi, Rusiya Ermənistana qarşı iqtisadi rıçaqları aradan qaldırmaq, yaxud ən azı yumşaltmaq niyyətində deyil: Moskva Brüsselin İrəvan üçün iqtisadi alternativlər yarada bilməməsindən də təzyiq siyasətini davam etdirməkdə fürsət olaraq görür.
Əsas məqamlardan biri isə Ermənistandakı seçkilərdən sonra baş tutan ilk telefon danışığında da Putinin Paşinyanı təbrik etməməsidir. Bu, gərginliyin davam edəcəyi, hətta genişlənəcəyi gözləntilərini artırır. Paşinyanla danışıqdan bir gün sonra Putinin Əliyevə zəng etməsi də Moskva-İrəvan xəttindəki gərginlikdən qaynaqlana bilər. Rusiya Ermənistanla qarşıdurma fonunda regional siyasətini Azərbaycanla münasibətlərin düz xəttə çıxarılması ilə kompensasiya etməyə çalışır.
Asif Nərimanlı