İyulun 28-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. İkitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan–Rusiya əlaqələrinin konstruktiv xarakter daşıdığını, hökumətlərin və müvafiq strukturların xətti ilə fəal dialoqun aparıldığını qeyd ediblər.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığı iki ölkə münasibətlərinin gələcək inkişafı baxımından diqqət çəkir:
“Eyni zamanda, Putinin Ermənistanın baş naziri ilə də əlaqə saxlaması Moskvanın Cənubi Qafqazda balanslı siyasət nümayiş etdirmək cəhdi kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın xarici işlər naziri Rusiyada səfərdə olub. Həm Rusiya Prezidenti Vladimir Putinin, həm də Rusiyanın xarici işlər nazirinin açıqlamalarından görünür ki, Moskva Azərbaycanla münasibətləri yenidən normal və konstruktiv məcraya qaytarmaqda maraqlıdır.
Azərbaycan tərəfi qarşılıqlı hörmətə əsaslanan münasibətlərdə problem görmür. Lakin bu münasibətlər heç bir halda Moskvanın diktəedici siyasəti üzərində qurula bilməz. Azərbaycan müstəqil dövlətdir, suveren qərarlar qəbul edir və xarici siyasətini milli maraqları əsasında müəyyənləşdirir. Əgər Rusiyadan hər hansı diktəedici yanaşma olarsa, Azərbaycan bunu qəbul etməyəcək.
Moskva da Azərbaycanın müstəqil siyasət apardığını anlayır və bununla hesablaşmalıdır. Vladimir Putinin telefon danışığı da göstərir ki, Rusiya ikitərəfli münasibətlərdə yaranmış problemlərin geridə qalmasını, yeni əməkdaşlıq mərhələsinin başlanmasını və xüsusilə siyasi, iqtisadi və regional təhlükəsizlik sahələrində əlaqələrin inkişafını arzulayır”.
Turan Rzayev
Globalinfo.az