Putin Şimali Koreya və Vyetnama səfər edəcək

“Putin Şimali Koreyaya səfər edəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşrinə  diplomatik mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin növbəti həftələrdə ardıcıl olaraq Şimali Koreya və Vyetnama səfər edəcək.

Putin Şimali Koreyaya yalnız bir dəfə səfər edib. Lakin Rusiya lideri dörd dəfə Vyetnama səfərə gedib. Putinin Vyetnama sonuncu rəsmi səfəri 2013-cü ilin noyabrında gerçəkləşib.

Çin və Müasir Asiya İnstitutunun Koreya Araşdırmaları Mərkəzinin əməkdaşı Aleksandr Zebin hesab edir ki,  liderlər Qərbin sanksiyalarından əvvəl mövcud olan ticarət və iqtisadi əlaqələrin bərpasından danışa bilərlər.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Cənub-Şərqi Asiya, Avstraliya və Okeaniya üzrə Tədqiqat Mərkəzinin rəhbəri Dmitri Mosyakov isə qeyd edir ki, maliyyə hesablaşmaları ilə bağlı çətinliklər Rusiya və Vyetnam arasında münasibətlərin əsas mövzularından biridir. Belə ki, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 2021-ci ilə nisbətən təxminən 2 dəfə azalaraq 7,1 milyard dollardan 3,6 milyarda düşüb.

Müşviq Tofiqoğlu
Globalinfo.az