1645675470 putin

Rusiya Prezidenti Vladimir Putin ölkənin müdafiə sənayesinin stabil fəaliyyət göstərdiyini, Silahlı Qüvvələrin lazımi silah-sursat və hərbi texnika ilə tam təmin olunduğunu, eyni zamanda bu sahəyə ayrılan diqqətin gözləniləndən daha ciddi şəkildə artırılacağını bildirib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısı bu barədə Kremldə dövlət silahlanma proqramına həsr olunan iclasda danışıb.

Putinin sözlərinə görə, müdafiə sənayesi müəssisələri fasiləsiz işləyir və həm xüsusi hərbi əməliyyatda iştirak edən bölmələri, həm də bütövlükdə Rusiya Silahlı Qüvvələrini bütün zəruri silah və avadanlıqlarla təmin edir.

Prezident qeyd edib ki, 2022-ci ildən etibarən ən çox tələbat olan silah və hərbi texnikanın istehsalı kəskin şəkildə artıb. Belə ki, zirehli texnikanın istehsalı 2,2 dəfə, yüngül zirehli texnikanın istehsalı 3,7 dəfə, aviasiya texnikasının istehsalı isə 4,6 dəfə yüksəlib.

Dövlət başçısı silah tədarükündə də ciddi artımın qeydə alındığını vurğulayıb. Onun sözlərinə görə, silah tədarükünün həcmi 22 dəfədən çox artıb ki, bu da ordunun döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə güclənməsinə imkan verib.

Tahir Turan
Globalinfo.az

Paylaş: