Psixoloqlarla bağlı vacib məlumat: Seansa getmədən öncə…

Psixoloqlarla bağlı vacib məlumat: Seansa getmədən öncə...

Son illər dəbdə olan əsas peşələrdən biri də psixoloqluqdur. Bu sahədə xeyli kadrlar üzə çıxıb. Hətta kütləviliyin olduğu müşahidə edilir.

Amma fəaliyyət göstərən, üzdə olan bəzi psixoloqların bu sahəyə yad adamlar olduğu deyilir. Maraqlıdır, Azərbaycanda niyə bu qədər psixoloq var? Bu, nəyin əlamətidir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan psixoloq Nizami Orucov deyib ki, psixoloqluq peşəsi bəzi insanlar üçün rahat və sərhədsiz peşə kimi görünür.

Onun fikrincə, məhz bu cür yanlış düşüncə səbəbi ilə ali təhsilsiz, ya da ali təhsilli, amma xarakteri peşəsi ilə uyğunlaşmayan bir çox insanlar psixologiya sahəsini seçirlər:

“Anlamaq lazımdır ki, psixoloqluq zərgər dəqiqliyi, səbir, anlayış, empatiya tələb edir. Öz həyatının kölgəsi ilə başqalarına “məsləhət” verən, “ağıl paylayan” “psixoloqlar” artıb və artmaqda davam edir. Bu, yüzlərlə insanın psixologiyasının bir az daha pisləşməsi deməkdir. Psixoloqların sayının kəskin və qeyri-qanuni artmasının səbəblərindən biri də məşhurlaşmaq, ad qazanmaq, tanınmaq hərisliyidir. Bu peşə çox dərindir. Məşhurluq, daha çox pul qazanmaq naminə işləmək istəyənlər üçün deyil”.

Şəkilin açıqlaması yoxdur.

Nizami Orucov

Psixoloq deyib ki, ölkənin mövcud psixoloji vəziyyətinə nəzər salsaq, nəticənin tam ürəkaçan olmadığını görərik:

“Məhz buna görə psixoloqların sayının artmasını qeyd edə bilərəm. Bəli, bir baxımdan sevindirici haldır ki, insanlar öz psixoloji vəziyyətlərinə etinasız yanaşmırlar, bunun üçün yatırım edirlər. Buna kütləvi ehtiyac xüsusilə internet dövründən etibarən, psixologiya elminin daha əlçatan, üzdə olması ilə və insanların özləri haqqında daha çox məlumat əldə edə bilmələri ilə yarandı. Amma çalışmaq da lazımdır ki, bu yatırımı həqiqi, peşəsinin adamı olan insanlarla birgə edələr. Seansa getmədən öncə həmin psixoloqu yaxşı araşdırıb, təhsilinə əmin olmaq lazımdır. Ən əsas da, o “psixoloqun” özünün psixoloji vəziyyətinə diqqət etmək vacibdir”.

Zaira Akifqızı
Globalinfo.az