Priqojinin təyyarəsi vurulmuşdu? – Faktlar açıqlanır

“İçərisində Yevqeni Priqojinin olduğu təyyarəyə heç bir kənar təsir olmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Diskussiya Klubundakı çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, təyyarə qəzasında həlak olanların cəsədlərində əl qumbaralarının izləri aşkarlanıb.

Putin qeyd edib ki, bir neçə gün əvvəl İstintaq Komitəsinin (İK) sədri Aleksandr Bastrıkin bu barədə ona məlumat verib:

“Təyyarəyə heç bir xarici təsir olmayıb. Bu, İstintaq Komitəsinin apardığı ekspertiza ilə müəyyən edilmiş faktdır”.

Prezident işin istintaqının tamamlanmadığını bildirib:

“Təəssüf ki, zərərçəkmişlərin qanında spirt və ya narkotik maddələrin olub-olmadığını müəyyən etmək üçün heç bir ekspertiza aparılmayıb. Sankt-Peterburqda Priqojinin ofisində aparılan araşdırmada FSB nəinki 10 milyard nağd pul, həm də 5 kq kokain aşkar edib”.

Putin əlavə edib ki, bunlar nəzərə alınaraq ekspertizalar aparılmalı idi.

Xatırladaq ki, Rusiya mərkəzi hökumətinə qarşı qiyam qaldırmış “Vaqner” muzdlularının rəhbəri olan Y.Priqojin 24 avqust 2023-cü ildə baş vermiş təyyarə qəzasında ölüb.

Globalinfo.az