Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevlə Prezident Administrasiyasında görüş keçirilib.
Bu barədə Globalinfo.az-a Partiyanın Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, cari ilin 2 iyun tarixində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə keçirilmiş görüş zamanı ölkənin daxili siyasi həyatı və partiyaların fəaliyyəti ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.
Ölkədə nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyəti, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində görülən misilsiz işlər, infrastruktur layihələri, habelə müxtəlif sahələrin inkişafı ilə bağlı dövlətin konkret təşəbbüsləri ətrafında müzakirələr aparılıb. Görüş çərçivəsində həmçinin informasiya məkanında vaxtaşırı şəkildə təkrarlanan qərəzli təxribatlar ilə mübarizədə fəal mövqeyin nümayişinin zəruriliyi də xüsusi olaraq vurğulanıb.
Eyni zamanda bildirilib ki, Milli Məclisdə təmsil olunan siyasi partiyaların qanunvericilik işində nümayiş etdirdiyi fəallıq təqdirəlayiqdir. Qeyd olunub ki, bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan iqtidar-müxalifət siyasi dialoqu ölkədə milli həmrəyliyin qorunması prosesində müstəsna əhəmiyyətə malikdir.
Partiya sədri vurğulayıb ki, sağlam əməkdaşlığın nəticəsində fəal siyasi instituta çevrilən siyasi partiyaların ictimai müzakirələrdə iştirakı ölkənin dayanıqlı demokratik ənənələrinin formalaşması prosesinə də müsbət təsir edir.
Razi Nurullayev rəhbərlik etdiyi Milli Cəbhə Partiyası tərəfindən həyata keçirilən layihələr haqqında geniş məlumat verərək qeyd edib ki, bundan sonra da dialoq ənənələrə sadiq qalacaq və milli maraqlara xidmət edən bütün təşəbbüslərə dəstək göstərəcəkdir.
Prezident Administrasiyasının rəsmisi Milli Cəbhə Partiyası tərəfindən həyata keçirilən layihələrin, Partiyanın dövlətçilik mövqeyinin siyasi dialoq prosesində müsbət qarşılandığını bildirib və Partiyanın işinə uğurlar arzulayıb.